Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

I FƏSİL

AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK

TARİXİNƏ BİR NƏZƏR

1.1. Axısqa türklərinin etnik tarixinə dair

Axısqa Gürcüstanın güneyində yerləşən tarixi bölgələrdəndir. Bu bölgə «tayfalar qapısı» kimi ad-san qazanmış, zaman-zaman bu əraziyə müxtəlif türk tayfalarının axını baş vermişdir. Geostrateji bir bölgə olan Axısqa tarixən türk tayfalarının keçid nöqtələrindən olmuşdur. Araşdırıcılar müəyyənləşdirmişlər ki, Axısqa türklərinin yerləşdiyi bölgə qıpçaq boylarının yayılma ərazilərindəndir [209, s. 35, 36].

Axısqa türkləri digər azsaylı xalqlardan faciəli taleləri, dəfələrlə deportasiyalara məruz qalmaları, mübarizə dolu keçmişi ilə fərqlənən etnoslardandır. Axısqa türklərinin dil və etnik tarixi Gürcüstanın türk dünyası ilə uzunmüddətli münasibətləri çərçivəsində araşdırılmalıdır.

VII yüzilliyə aid «Erməni coğrafiyası»nda Mərkəzi Qafqazda 53 türk tayfasının olduğu göstərilir. Əl-Məsudi yazır ki, Kabq dağlarında çoxsaylı tayfalar və hökmdarlıq var idi. Bu dağlarda 72 tayfa yaşayır və hər tayfanın öz hökmdarı, başqalırına bənzəməyən öz dili var [210, s. 13].

Maraqlıdır ki, Gürcüstanın intensiv şəkildə türkləşməsi dövründə ərazi iki hissəyə bölünmüşdür: Kartveloba (yəni, Gürcüoba), Didi türkoba (Böyük Türküstan). Bütün Şərqi və qismən Qərbi Gürcüstan «Didi türkoba»ya daxil idi.

Eramızın II minilliyində türkdilli Hunlar Şimali Qafqazda görünməyə başlamış, sonralar onların Gürcüstan ərazisinə axını baş vermişdir. Bu axını tədqiqatçılar Axısqa türklərinin tarixində birinci dövr (II-VIII əsrlər) adlandırırlar. Bu dövr çoxsaylı hun-bulqar və digər türk tayfalarının Gürcüstana hərbi yürüşləri ilə bağlıdır [187, № 1-2, 1999, s. 172].

Bu dövrdə basil, onoqur, hun, tuba, avar, xəzər, bozal, iskit, sak, bulqar, bun, suvar etnosları cənub-qərbi Qafqazda ciddi qüvvəyə çevrilirlər.

Hunların Qafqaza geniş şəkildə axını IV əsrdə başlanır. Hərbi-siyasi cəhətdən əsas rolu qədim bulqar tayfaları oynayır. V əsrdə hun-bulqar tayfalarından onoqurlar, saraqurlar, oqurlar, utiqurlar, kutriqurlar, çenlər və b. cənubi Qafqaza, Gürcüstan və Azərbaycana hərəkət etdilər [112, s. 41-68].

Oqorlar, yaxud uqrlar-macarların əcdadlarıdır. VI əsrdə onlar Başqırdıstan ərazisində, Volqa və Ural çayları arasındakı düzənliklərdə yaşayırdılar [79, s. 45].

cənubi Qafqazın, o cümlədən Gürcüstanın bir çox toponimləri onoqurlarla bağlı formalaşmışdır. Aspinza rayonunda Orqor (Bəzi sənədlərdə Orqora) adlı kənd vardır. Onoqur adlı qalanın da bu ərazidə mövcudluğu təsdiqlənir [187, s. 164].

Mesxeti vilayətində hun-bulqar tayfaları ilə bağlı toponimlərin tərkibində etnik komponent olan qur adı «oqur ölkəsi» haqqında məlumatları genişləndirir.

Qurla əlaqədar olan kəndlərdən biri Azqur adlanır Azqur (Ahıska kuzeyinde, Oğuzların «Yazqur» (Yazır boyundan) [207, s. 147]. Gürcülər bu kəndin adını indi Aükuri (Azkuri) şəklinə salmışlar. Telavi şəhəri yaxınlığında da Aükuri adlı kənd vardır.

Qədim türk tayfaları bu dövrdə təkcə cənubi Qafqazda deyil, eləcə də şimala doğru hərəkət edirdilər. Eftalitlər - ağ hunlar şimalda göründülər. Onlara abdel, bəzən isə abdal da deyirdilər. V yüzilliyə aid Suriya qaynaqlarında abdalların axını haqqında müəyyən məlumatlar vardır [159, s. 37; 100, s. 53].

Tobalar qərbi türk xaqanlığının tərkibində olan qədim teleslərdəndir. Toba-Tuba tayfasının adı Axalsıx rayonundakı Qoba, Sxaltuba və Qurutuban oykonimlərində əks olunmuşdur. Adıgün rayonunda isə bu tayfanın adı Qaratuban, Kortuban, Zeduban, Abastuban kəndlərinin adında yaşayır. Tuba etnonimi Gürcüstanın digər rayonlarında da qeydə alınmışdır: Tobaxçi (Şimali Axalsıx rayonu), Xeltubani (Qori şəhəri yanında), Sxaltuba şəhəri. Şamaxı rayonundakı Tuva dağ adı tuba adlı qədim türk etnonimini əks etdirip [21, s. 192].

Gürcüstanda hunların tərkibində dolaşan tayfalardan biri də avarlar olmuşdur. Avarlar (abarlar) Şimali Qafqaz çöllərində hunların tərkibində yaşamışlar. Avar etnonimi qədim türk kitabələrində apar (apurım), rus salnamələrində obr kimi göstərilir. Onlar Asiyadan hərəkət edərək VI əsrdə Mərkəzi Avropada Avar xanlığını yaratmış, onun süqutundan sonra Qara dənizin qərb sahili və Dunayboyu xalqları ilə qaynayıb qarışmışlar [86, s. 233; 20, s. 15-16]. N.Y.Merpertin verdiyi məlumata görə, abarlar VI yüzillikdə Şimali Qafqazda yaşamış və 578-ci ildə savirləri məğlub etdikdən sonra Zaqafqaziyaya da gəlmişlər [146, s. 576]. Demək, Azərbaycanda da avar (abar) etnoniminin (Qusar rayonu ərazisində Avaran və Avaranqışlaq oykonimləri qeydə alınmışdır) köməyi ilə əmələ gəlmiş toponimlərin real əsası vardır.

Abari kəndi də (Gürcüstanın Amrolaur rayonu) bu tayfanın adını yaşadır.

Tarixçilər qədim gürcü mənbələrində bun türklər haqqındakı məlumatları anaxronizm hesab etsələr də, burada müəyyən həqiqətlər də mövcuddur.

Dr. M.Fahrettin Kırzıoğlu Gürcüstanda əski türklərin yerləşməsi və hakimiyyətlərindən danışarkən Kür çayı və onun sahillərində (yəni, «Sağ-Gürcüstan», «Tərəkəmə-Gürcüstan») yerləşmiş qorxunc dərəcədə yabanı tayfalardan sayılan bun türklərinin (Bun Türki (Bön) adını çəkir [207, s. 143].

Abdal etnonimi Türkmənistan, Şimali Qafqaz, Gürcüstan, İran və Türkiyənin toponimlərinin tərkibində də hazırda işlənməkdədir [124, s. 14; 156, s. 1]. Azərbaycanda bu etnonimlə yaranmış 4 oykonimin olması (Abdal - Ağdam və Tovuzda kənd, Abdalanlı - Qubadlıda kənd, Abdallı - Oğuzda kənd, Laçın şəhərinin 1923-cü ilədək Avdallar adlanması) bu fikri təsdiqləyir [8, 1 c., s. 15].

Gürcüstanın Bolnisi rayonunda abdallarla bağlı bir çox oronimlər də qeydə alınmışdır: Abdalların çalası, Abdallının yeri, Abdallı güneyi, Abdallının kolu [79, s. 18].

V yüzilliyin 60-cı illərində onoqur dövlətini yeni hərbi-siyasi birlik olan sabir (savir) tayfası əvəz etdi. Sabirlər digər tayfalar kimi həmin ərazilərdə təkcə döyüşmür, həm də tədricən məskunlaşırdılar. Tədqiqatlar təsdiqləyir ki, sabirlər Qafqaz hadisələrində, Bizans-Sasani döyüşlərində aktiv iştirak etmişlər [178, s. 50, 78].

VI yüzillikdə hun-bulqar tayfaları avarların zərbələrinə məruz qalır. Avarlar bu ərazidə bir müddət hökmranlıq edirlər.

VI yüzilliyin 70-ci illərində Qafqaz xalqlarının taleyində türk xaqanlığı başlıca rol oynayır. Xaqanlığın süqutundan sonra xəzərlərin dövrü başlanır. Qeyd edilən mənbələr VII əsrin başlanğıcında xəzərlərin cənubi Qafqaza çoxsaylı hərbi səfərləri haqqında məlumat verir.

Hələ VI yüzilliyin başlanğıcından Gürcüstana on bir hun-bulqar tayfası yürüş edir, bunların arasında tubal və ya tobel tayfası daha çox nəzəri cəlb edir [147, s. 56].

Buntürklər haqqındakı məlumatlar hələ e.ə. VI-V əsrlərə gedib çatırsa, bu, bir tərəfdən, «Dədə Qorqud» hadisələrinin tarixi haqqında mötəbər məlumatdır, digər tərəfdən, e.ə. I minilliyin ortalarında Azərbaycanda türklərin və türk dilinin varlığı deməkdir. Və unutmayaq ki «Dədə Qorqud» bizə bu dildə gəlib çatıb. Azərbaycan ədəbi dili tarixində «Dədə Qorqud»un yeri nədirsə, onun dilinin azərbaycancalığı necə şübhəsizdirsə, buntürklərin də dilinin Azərbaycan xalq dilinə münasibəti elə qavranmalıdır [13, s. 9-10].

Axısqa türklərinin dilinin indiki vəziyyəti «Kitabi Dədə Qorqud»un dili ilə leksik, qrammatik, struktur - semantik cəhətdən bəzi məqamlarda uyğunluq təşkil etsə də, bun türklərlə axısqalıları eyniləşdirmək haqlı olaraq etiraz doğurur.

Gürcüstanın türkləşməsində bozal (bazal) adlanan tayfaların da müəyyən rolu olmuşdur. IX yüzilliyin ərəb tarixçisi al-Balazuri həmin dövrün hadisələrini təsvir edərkən Bazalet adlanan ölkəni xatırlayır [215, s. 232]. Bu etnosun qalıqları Gürcüstanın Duşet rayonunda olan Bazalet və Bozaliane kənd adlarında, eləcə də Bozalet gölünün adında qalmışdır. XIX yüzillikdə Adıgün rayonunda da Bozalet kəndi salınmışdır [187, s. 164].

Bun türkləri yeni eramızın əvvəllərindən Qafqazın ilk aborigen sakinlərindən biri olmuş və nə qədər paradoksal olsa da, tarix onların yenidən öz ulu məskənlərinə qaytarmışdır.

Gürcü salnamələrində bun türklərin həyatı, məişəti, mübarizəsi həqqında maraqlı məlumatlar vardır.

VII əsrdə yazılmış gürcü mənbəsi «Moksevay Kartlis»ayda» Kür boyu məskunlaşmış bun türklər (yerli türklər) haqqında müəyyən məlumatlar verilmiş, onların sayının 28.000 nəfər olduğu göstərilmişdir.

Prof. T.Hacıyev və E.Əzizov digər tədqiqatçılardan fərqli olaraq bun türklərin indiki Axısqa türkləri deyil, Qalın oğuzlar olduğunu sübut etməyə çalışmışlar. Müəlliflər «Qədim türk lüğəti»ndə sağır n-ilə işlənən bön (dolu, yoğun, qalın) sözünü əsas tutaraq «bun» sözünü «Kitabi-Dədə Qorqud» dastanlarındakı Qalın Oğuzlarla uyğunlaşdırırlar. Bön sözünün mənalarından biri - «qalın» sözü «Qalın oğuzlar»la uyğunluq təşkil edir: böntürk-buntürk - qalın türk - deməkdir [30, № 2, s. 89].

T.Hacıyev və E.Əzizovun bu yeni fikirlərində müəyyən həqiqət vardır. Çünki tarixin müəyyən mərhələlərində türk və oğuz etnonimləri eyni anlayış kimi işlənmiş və başa düşülmüşdür. Eləcə də, bun türklərinin yaşadığı Gürcüstan ta qədimdən oğuz tayfalarının da məskunlaşdığı torpaqlar olmuşdur. Deməli, bun türk adlandırılan tayfalar oğuz tayfalarından biridir. Axısqalılar isə daha çox qıpçaqlara yaxındır.

Bu yaxınlarda isə «Dədə Qorqud» kitabındakı etnik və dövlət mənsubiyyəti ilə buntürklər arasındakı semantik-tipoloji uyğunluğun təsdiqi azərbaycanlıların və Azərbaycan dilinin etnik mənşəyi məsələsinə xüsusi işıq saldı.

Professor Tofiq Hacıyev sübuta yetirdi ki, bun türklərin yaşayış yerlərilə «Dədə Qorqud»dakı Qalın Oğuzların dövlət sərhədlərinin koordinatları üst-üstə düşür. Deməli, «Dədə Qorqud»dakı Qalın Oğuz elləri, Qalın Oğuz bəyləri Buntürk elləri, Buntürk bəyləridir - şimallı-cənublu Azərbaycan elləri, Azərbaycan bəyləridir [13, s. 32].

V-VI yüzilliklərdə Gürcüstanda hunların (onoğurların, sarıoğurların, savirlərin və b.), VII-VIII əsrlərdə isə Kartli və Albaniyanın digər tayfaları ilə birgə 765-ci ildə Gürcüstanda ərəblərə qarşı vuruşmuş xəzərlər və qıpçaqların, daha sonra oğuzların məskunlaşdığını, XII əsrin əvvəllərindən isə buraya 225 min Şimali Qafqaz qıpçağının (mənbədə: 40.000 ev) köçüb gəldiyi nəzərə alınsa, o zaman aydın olur ki, XI-XII əsrlərdə Kartlidə türkdilli əhali üstünlük təşkil edirmiş.

V-VI yüzilliklərdə Gürcüstanın Kartli hissəsində sarıoğur və onoğurlar da görünməyə başladılar. Ağafi yazır ki, «Onoğris» Qərbi Gürcüstanda etnotoponimdir (xalq adından düzəlmiş yer adı): bu yer adını qədimdə alıb, o vaxt ki, çox güman ki, onoğur adlanan hunlar elə bu yerdə kolxlarla vuruşub məğlub olmuş, bu adı abidə və döyüş qəniməti kimi yadellilər vermişlər [71, s. 23].

Mənbələr təsdiq edir ki, VIII yüzillikdə xəzərlərin Gürcüstanda nüfuz dairəsi genişlənir. L.Mroveli «Jiznğ kartliyskix üarey» əsərində yazır ki, uje v pervoy çetvertiVII v. v Qruzii törki bıli çastğö mestnoqo naseleniə i qruzinı–» vse üari kartliyskie, vse muji i jenhinı»- znali xazarskiy (qruz. «xazaruli»), t.e. törksiky əzık [148, s. 27; 25, s. 16].

«Kartlis tsxovreba»da göstərilir ki, savirlərin VI yüzillikdə və xəzərlərin VII yüzilliyin əvvəllərindəki hücumlarından sonra Kartlidə 6 dildə danışmağa başladılar: kartuli (gürcü), xazaruli (xəzər), somxuri (erməni), asuruli (süryani), ebrauli (yəhudi) və bredzenuli (yunan) [129, s. 16].

Elə buna görə də tədqiqatçılar haqlı olaraq «Qafqazı dillər və xalqlar diyarı» adlandırırlar [210, s. 119].

Göründüyü kimi, Gürcüstan ərazisində məskunlaşan türk tayfalarının hər birinin bir-birindən fərqlənən dili olmuşdur. N.A.Baskakov bu xüsusdə yazır ki, hun dövründə türk dilləri artıq çoxlu qəbilə dilləri ilə təmsil olunmuşdu ki, onlara r-l dillərinə (yəni, oğuzların, onoğurların, sarağurların, kuturğurların - qədim avarların, sabirlərin, bulğarların və indiki çuvaşların baba larının dilləri) və z-ş dillərinə (yəni, oğuzların dilləri) ayrılması prosesi gedirdi [86, s. 155].

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz