Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.1.2. Cümlə konstruksiyaları
Axısqa türklərinin dilində cümlə tiplərinin müxtəlif növləri yayılmışdır. Daha çox diqqəti cəlb edən cümlə tipləri bunlardır:

Nəqli cümlə. Nəqli cümlələr bu əhalinin dilində də geniş yayılan sintaktik vahidlərdəndir. Belə cümlələrlə mə"lumatlar, hökmlər verilir: Dava bu dağlardan çox-çox uzaxlarda gediyerdi. Bizim bir-birimiznan öz ana dilimizdə qonuşmamızi dünya malına - sərvətinə degişmam [70, 27.III.1992]. Nəqli cümləyə məxsus adi, normal söz sırası, əsasən, bu dildə də saxlanılmışdır: Mənfur qapının möhürüni qırdi /Ş.Adıgünli/; Maşinlər uzun müddət yol gəlib Axısqa dəmiryoli stansiyasında durdilər /Ş.Adıgünli/. Nəqli cümlələrin xəbəri ən çox fe"lin xəbər şəkli ilə ifadə olunur: Silahlı əsgərlər onlari əvdüryerdi. /Ş.Adıgünli/; Qış yuxusuna gedən ağaclar da elə bil oyanmışdi /Ş.Adıgünli/.

Nəqli cümlələrin xəbəri fe"lin vacib şəkli ilə də ifadə olunur: Biz bu mürəkkəb misalın cavabıni, belki də böyük, əzəmətli və qırılmaz bir birluxda aramaliyux /M.Paşali oğli/; Onlar ideya tərbiyəsinin əsasi olan qazetin yayılmasıni ön plana çekmali, bu işi gündəlux işa çəvürməlidurlar [70, 10.IV.1992]; Xalqımızın başına gələn və heç bir xıl ölçiyə sığmiyan fələkətlər, biz türkləri daha sıx birləşməyə, bir məqsəd, bir amal uğrunda mübarizə etməyə yaxınlaşdurmalidur [70, 10.IV.1992].

Axısqa türklərinin dilində də nəqli cümlələrin xəbərləri adlardan da ibarət olur. Məsələn: Bu münasibət Xirosima və Naqasaki fələkəti ilə müqayisə edilacax dərəcədə dəhşətlidür [70, 27.III.1992]; Bir qaç günün ərzində həyatlarında hər şeylarıni yütürmiş bu insanların dərdləri çox böyükdür [70, 27.III.1992]; Biz böyük türk xalqının əvlədləriyux [70, 10.IV.1992].

Sual cümləsi. Axısqa türklərinin dilində sual cümləsinin müxtəlif tipləri işləkdir. Sual cümlələri sual intonasiyası, sual əvəzlikləri və sual ədatlarının köməyilə formalaşır:

1. Sual intonasiyası ilə formalaşan sual cümlələri: Fərqana hadisələri yuxuli gözlərimizi açdi, ama tam açmadi, tam oyanmadux? [48, 03.VII.1992]; Yaşamaya umut yeri qaldi? [70, 03.III.1992]; Mum dibinə işıx verməz? /əski söz/; Bu qarma-qaruşux yüng yığımını daraxlardan daramaliyux? [70, 27.III.1992].

2. Sual əvəzliklərinin iştirakı ilə formalaşan sual cümlələri. Belə cümlələrin tərkibində nə, nədən, nayidi, nədə, kimdə, nasıl, nəyin, kimin, hanki, heç kimsə və s. sual əvəzlikləri iştirak edir: Bizim qanad açan ilk qələmquşumuza nə arzu edərdim? [70, 27.III.1992], Nədən üstümüzdə amansız cəllada döndi bu fələk?! Nayidi bizinən ardi-arasi kesilmax bilmiyan düşmənçiluğun son niyyati, bu qədər aff edilməz nə qüsur işləmişdux onun qarşısında? [70, 27.III.1992]; Heç kimsənin bilməduğu suç, iftira və yalanlar, bu ağır və çekilməz yük altından xilas olmax, iztirablar çərçivəsindən qara zəncirləri qırıb çıxmax bizə qismət olmayacax? [70, 27.III.1992], Fərğanadan nasıl yazmiyek? [70, 27.III.1992].

Bə"zən cümlədə sual intonasiyasını daha da qüvvətləndirmək üçün bir neçə sual əvəzliyi təkrarlanır. Məsələn: Nədə, kimdə, nəyin və kimin günəhini nerada aramaliyux?, Belə təğdirin qara daşlar üstündə pozulması mümkün olmiyan hərflərlə yazılmasının səbəbini hanki, nasıl suçlar içində aramaliyux? [70, 27.III.1992] və s. Məntiqi vurğu belə cümlələrdə sual bildirən sözlərin üzərinə düşür. Belə cümlələrə cavab axtarmaq lazım bilinmir.

3. Sual ədatlarının köməyi ilə formalaşan sual cümlələri. Ədatlar belə cümlələri qüvvətləndirmək, sual anlayışını yüksəltmək üçün işlədilir.

mi-ədatının köməyilə: Yani bizda bela ziyali adi daşıyacax adamlar yoxmidur? [70, 10.IV.1992]; ... daldan-dala köçməx, bizim məğdirimizmidür? [70, 27.III.1992]; Bu haxda siza demadilarmi? [70, 27.III.1992]; Ancaq bu, demokratiyanın yengmasimidur? [70, 10.IV.1992]; Hax işimiz çoxmi çekaçax - demiyermi?; Bu çocux bu suali veriyersa, cavabıni böyüklərdən bekliyer, elə dəgülmi? [48, 03.VII.1992].

Sual cümləsinin xəbəri sual əvəzliyindən də ibarət olur: Onda bu sükutlux nadur? Əvvələn biz kimux? [70, 10.IV.1992].

Sual cümləsinin xəbəri fe"lin vacib formasında da çox işlədilir: Nə etməliyux?; Nasıl iş görax və ya nə etməliyux? /danışıqdan/.

Sual cümləsinin xəbəri fe"lin xəbər formasında da işlədilir: Bağımsız Dövlətlər Topliluğunda, ham da Gürcistanda baş veran siyasi degişuxluxlar bizim Vətən məsələmizin həllinə na kimi tə"sir göstərmişdur? [70, 10.IV.1992]; Axı burada - Azərbaycanda yaşayan 70 min türk xalqının ziyalıları nə düşünürlər?; Adıgün ziyalıları harada yaşayırlar? [70, XI.1992].

Bədii əsərlərin dilində ritorik-bədii suallardan da çox istifadə olunur. Belə suallar şe"rin tə"sirini yüksəldir, oxucunu düşündürür:

Vətənsizim, axır bən necə gedem?

Heç illəcim yoxdur, ya bən nə edem? /Laçın Sağrızeli/.

Vətənsiz o vari, dövləti nedər?

Məqamı gələndə atar da gedər /Meyyar Varxanli/

Bu, zamanın hökmimidür? Yerimizdə, yurdumuzda başxaları at oynadur? Axi niya bu müsibət başımıza gəlməliymiş? Türk olan şəxs, Vətənində niya gürci olmaliymiş? /G.Şahin/, Rəhm et bizə, yeri-gögi yaradan, Bir xəbər ver Vətənimiz neredə? Neçə yigid ərlərimiz nerədə? /G.Şahin/.

Bu xalqın Vətən haqqında axtarışları, düşüncələri daha çox ritorik sual cümlələri ilə öz ifadəsini tapır.

Əmr cümləsi. Belə cümlələr əmr, xahiş, öyüd, nəsihət, tələb, istək, arzu və s. semantik çalarlar ifadə edir.

-Sizə on beş daqqa vaxt veriliyer! Qalın geyinin! Yemax, yorğan-döşək götürməyi unutmayın! Meşaya gediyerüx! /Ş.Adıgünli/; - Durma! Vaxt buni tələb ediyer. Sibirə sürgün ediyerlər! /Ş.Adıgünli/.

Axısqa türklərinin dilində əmr cümləsinə elliptik formada da rast gəlirik:

- Vaqonlara! Vaqonlara! Vaqonların içində və qapısında yaranan dad-fəryad gögə qalxdı.

Təkrar olunan cümlədə /əmr cümlə/ "minmək" fe"li xəbəri buraxıldığı üçün cümlə elliptik şəklə düşmüşdür.

Şe"r dilində də əmr cümləsi çox işlənir:

Uçma, ey quş, uçma, dayan,

Xoş görüşdux, xoş görüşdux /cabir Xalidov/;

Ey, dərədə gürliyan çay

Yay, səs-sədən ellərə yay /cabir Xalidov/

Əmr cümləsinin xəbərləri bu dildə də fe"lin təsriflənən formalarından olan əmr, vacib, arzu, xəbər, bacarıq formaları ilə ifadə edilə bilir.

Fe"lin əmr formasında ifadə edilənlər:

Dərdə düşmiş xalqa xidmət etmiyan, heç bir tədbirdə iştirak etməyib kənərdən seyir edən bizim ziyalilər, hay verin! [70, 03.III.1992].

Fe"lin xəbər formasında ifadə edilənlər:

Vətən yolunda çarpışmamızdan, didərginlərimizin yaşayışından, cəmiyyəti və qazetin işini daha da gücləndürmax yollarından yazılarızi, ədət və ən"ənələrimiz, türli-türli xalq yaraduculuği nümunələri, ozan aşıxlar və el şairlərindən dərləmələr, dədə-babalarımızın müdrik sözlərindən, tariximizə, Vətənimizə aid materiallar toplayıb bizə yollamağızi Sizdən xahiş ediyerux [70, 03.III.1992].

Məsdər və məsdər tərkiblərindən ibarət olan əmr cümləsi: - Tariximizi araşdurmax və təbliğ etmax; - Yerimiz-yurdumuzi çocuxlarımıza ögrətmax: - Adət-ən"ənələrimizi ögrənib üzə çıxarmax; - Türk dili dərsluxlarının tərtibatına nail olmax; - xalqımızın ayrı-ayrı regionlarında türk dilinin tədrisini həyata keçürmax! [70, 03.III.1992].

Fe"lin vacib forması ilə ifadə edilənlər: Biz türk kimi də kendi tariximizi, mədəniyyətimizi, ədəbiyyatımizi, dilimizi və milli bənluğumuzu müəyyən etmaliyux [70, 03.III.1992]; Bizim qeyrətli, vətən həsrətli ziyalılarımız cəmiyyətin gələcax həyat yoluni işıxlandurmali, xalqımızı işıxlı bir gələcəyə çıxarmaya yardım etməlidürlar [70, 03.III.1992]; - Oğul, bu torpağın havasından yutan, suyundan içan hər bir türk oğli, bu yurdu göz-bəbəgi kimi qorimalidur. Heç vaxt oni unutmamalidür /G.Şahin/.

Nida cümləsi. Başqa türk dillərində olduğu kimi, Axısqa türklərinin cümlə sintaksisində nida cümlələri də mühüm yer tutur.

Nida cümlələri də bu dildə müxtəlif vasitələrlə əmələ gəlir:

1. Nidaların köməyilə: Eh oğul! üşütdilar, üşümiyan qəlbimizi /G.Şahin/. Uçma, ey quş, uçma, dayan! /cabir Xalidov/. Ah ayrilux, ah ayrilux! /Məhəmməd Paşali oğli/; Nikabli avladin nera kaçajak. Ey, callad cavab ver, boqun özunda! /Ramiz Ataşli/; Sən, ey əziz baba yurdum, xoş görüşdux, xoş görüşdux /cabir Xalidov/; Ey türk oğli! Ayağa qax! /Yitgin Qomoroli/ və s.

Göründüyü kimi, verilmiş nida cümlələrinin tərkibində daha çox çağırış bildirən ey nidası işlənmişdir.

2. İntonasiyanın köməyilə: Axı ziyali-işıxli, nurli demaxdur, xalqına, işıxli, nurli yol göstərən demaxdur! [70, 10.IV.1992]; Müqəddəs cənnət! Əvəzolunmaz bir həqiqətdür /G.Şahin/; Bunda dava başlaniyer! /Ş.Adıgünli/; Bir maşin üç əvədür! /Ş.Adıgünli/; Kafirlər bizi vətəndən çıxardiyerlər. Sizdən ayıriyerlər! /Ş.Adıgünli/ və s.

Nida cümləsinin əmələ gəlməsində nidaların təkrarı da mühüm rol oynayır. Təkrarlar ifadəni gücləndirir:

Aman allah, aman, qaldux biçarə!

Yandux, allah, yandux, bizə bir çarə

/Şimşək Sürgün Kaxaretli/;

Ah ayrilux, ah ayrilux!

İcad etdi, kimlər səni? /Məhəmməd Paşali oğli/.

Nida cümlələrinin bə"zisi istək, arzu mə"nalarında işlənir:

Qırx beş il Vətənsiz, bəxtsiz yaşadux,

Gör Vətən təqdirin can Azərbaycan!

Analar sızlayır, heç gülməz yüzi,

Babalar dərdini bil, Azərbaycan! /Müsəddin/.

Xitab da belə cümlələrin formalaşmasında bədii vasitə rolunu oynayır:

Ey türk oğli! Ayağa qax!

Vətənə satuxunmi çıxax? /Yitgin Qomoroli/.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz