Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5.1.6. Yarımçıq və elliptik cümlələr.
Axısqa türklərinin sintaktik sistemində cüttərkibli yarımçıq cümlələr geniş yayılmışdır. Bu cür yarımçıq cümlələr cüttərkibli bütöv cümlələrin funksiyasını yerinə yetirir, ünsiyyət prosesində böyük rol oynayır. cüttərkibli yarımçıq cümlələr daha çox dialoqlarda reallaşır, dildə kommunikativ vahid kimi informasiya verir. Dialoji nitqin cüttərkibli yarımçıq cümlələri, əsasən, müəyyən sualların tələbindən doğur. Sual əsasında əmələ gəldiyindən belə cümlələr cüttərkibli cavab yarımçıq cümlələr adlanır. Axısqa türklərinin dilində yarımçıq cümlənin bu cür quruluşu digər türk dilləri üçün ümumi olan, həm də spesifik xarakter daşıyan sual əvəzlikləri ilə əmələ gəlir.

Mübtədanın suallarına əsasən əmələ gələn cavab yarımçıq cümlələr: Kim haray - həşir qopardi? - Qarilər; -Kim bizi vətəndən çıxardiyer? - Kafirlər.

Xəbərin sualları ilə əlaqədar işlədilən cavab yarımçıq cümlələr. - Günahımız nədür, ilahi? - Günahsızlığımız (Ş.Adıgünli); Bu qürbət ellərin, de, kimiyux biz? - Bir ovuc torpağın yetimi (M.Paşali oğli).

Tə"yinin suallarına əsasən işlədilən cavab yarımçıq cümlələri: - Nasıl xəbər idi? - Dəhşətli.

Zərfliyin suallarına əsasən işlədilən cavab yarımçıq cümlələri: Nədə, kimdə, nəyin və kimin günəhini nerada aramaliyux? - Bu qarma - qaruşux yüng yığımında (M.Paşali oğli).

Axısqa türklərinin dilində cüttərkibli cavab yarımçıq cümlələr ədatların köməyilə də düzəlir. Xüsusilə, "mı" ədatının türk dillərində yarımçıq cümlələri formalaşdırmaqda rolu böyükdür [84, s. 11]. Bu ədat sual cümləsinin mə"nasını daha da qüvvətləndirir. Məsələn: - Bura Axısxadurmi? - deyib yaxından baxmax üçün maşının yan şüşasıni aşağı endirdi. - Axısxadur.

Ki ədatı da Axısqa türklərinin dilində cavab yarımçıq cümlələrin formalaşmasında müəyyən rol oynayır: - Özün gördün ki? - Gördüm (G.Şahin).

Axısqa türklərinin dilində cüttərkibli cavab yarımçıq cümlələr intonasiyanın köməyilə də qurulur. Sual əvəzliklərilə əmələ gələn cavab yarımçıq cümlələrdən fərqli olaraq, intonasiya və ədatlarla qurulan bu tipli cavablarda məzmunca təsdiqlik və inkarlıq ehtiva olunur.

Bu əhalinin dili üçün səciyyəvi olan ümumi qanunauyğunluqlardan biri belədir: sual cümləsində olan xəbərlər cavab yarımçıq cümləsində yenidən təkrar edilir: Belə çıxıyer ki, bizdəmi dağılmalıyux? - Dağılmalıyux; - Bunun çıxış yoli varmi? - Var.

Türk dillərində cavab yarımçıq cümləsi yeni üzv nəticəsində əmələ gəlir [89, s. 16]. Yeni üzv nəticəsində əmələ gələn cavab yarımçıq cümlələr mübtədadan, xəbərdən, tamamlıqdan, tə"yindən ibarət olub, bu əhalinin dilində dialoqları tə"min edir.

Mə"lumdur ki, türk dilləri başqa dillərdən həm də sintaktik quruluşun kompleksivliyinə görə fərqlənir. Hind-Avropa dillərindəki mürəkkəb sintaktik konstruksiyalar bu dillərdə (o cümlədən, Axısqa türklərinin dilində) çox zaman sadə quruluşda ifadə edilir. Bu baxımdan Axısqa türklərinin sintaktik quruluşunda "çevik" və "yığcam" bir kommunikativ vahid kimi yarımçıq cümlələrin ekspressiv - üslubi imkanları maraq doğurur.

Axısqa türklərinin sadə cümlə sintaksisində, onun dialoqlarında nere-ora, ne zaman - o zaman, nə qədər - o qədər və s. korrelyativ cütlüklər paralel olaraq işlənir, bunlardan birincisi sual cümlələrində olur, o biri isə cavab yarımçıq cümlə kimi fəaliyyət göstərir: - Misəfir nere keçiyerdi? - Ora.

Dialoqun sual cümləsində olan bir üzvlə cavab yarımçıq cümləsi informativ şəkildə bağlanır. Məsələn: Nerəyə götüriyerlər? - Meşaya. Bu dialoji nitqdə "nerəyə - meşaya" cütlükləri informativ şəkildə sual və cavab cümlələrini bir-birinə bağlamışdır.

Axısqa türklərinin dilində cüttərkibli cavab yarımçıq cümlələrin quruluş xüsusiyyətlərindən biri də onların təkrarən işlənməsidir. Belə yarımçıq cümlələrə ən çox emosional və həyəcanlı nitqdə rast gəlirik: Hani Məndüf? - Anbara qirdi, anbara qirdi; - Qatarlar nerədən gəlir? - Uzax Sibirdən, uzax Sibirdən (danışıqdan).

cavab yarımçıq cümlələri həmcins üzvlərdən də qurula bilir: Bişmişə həsrət qalan adamlar nə yeyirdi? - Lazud, lobyay, arpay (danışıqdan).

Bu dildə əlavədən ibarət olan yarımçıq cümlələr də çox işlənir. Əlavələr yarımçıq cümlənin daxilində özünü göstərir. Yarımçıq cümlənin əlavəsi də yarımçıq olur. Əlavədən ibarət olan cavab yarımçıq cümləsi özündən əvvəlki yarımçıq cümləni mə"na cəhətdən konkretləşdirir. Məsələn: Adıgün ziyalıları neredə yaşayırlar? - Axısqada - Çıldır elində, - Qapiləri kim möhürləmişdi? - Əli avtomatlılar - əsgərlər (danışıqdan).

Axısqalıların dilində cavab yarımçıq cümlələrin struktur imkanlarından biri də onların söz-cümlə ilə yanaşı işlənməsidir. Yarımçıq cümlə konkretləşdirici olduğu üçün o, söz-cümlədən sonra gəlir: Sizidəmi maşaya götüriyerlər? - Yox, götürmiyerlər (danışıqdan).

Sadə cümlələr arasında maraqlı quruluş xüsusiyyətlərinin böyük bir hissəsi söz sırası ilə bağlıdır. Sadə cümlə sistemində, o cümlədən də yarımçıq cümlələrdə bu əhalinin dilinin söz sırası nisbi sərbəstliyə malikdir. Bu əlamət qaqauz dilində də özünü göstərir. Qaqauz dilində cümlə üzvlərinin yerləşməsindəki sərbəstliyi tədqiqatçılar slavyan dillərinin tə"siri hesab edirlər [126, s. 22; 120, s. 258; 160, s. 68]. Bu fikirlə müəyyən mə"nada razılaşmaq olar. Doğrudan da, həm qaqauz, həm də keçmiş SSRİ ərazisində yaşayan Axısqa türklərinin dilinin başqa slavyan dilləri ilə yaxın təmasda olması, onlarla bir regionda yerləşməsi belə bir fikrə haqq qazandırır [33, s. 13]. Bununla bərabər, hər iki dildə qaqauz və Axısqa türklərinin dilində yazılı ədəbi ən"ənələrin olmaması, qaqauz dilinin 50-ci illərə qədər danışıq dili kimi formalaşması da onun, eləcə də yazısı olmayan dillərin sintaktik sistemində söz sırasının sərbəstliyinə səbəb olan başlıca faktorlardandır.

Müəyyən bir üzvün buraxılması yarımçıq cümlə üçün əsas və başlıca sintaktik əlamət hesab edilir. Bu əhalinin dilinin cavab yarımçıq cümlələrində ayrı-ayrılıqda mübtəda, xəbər, tamamlıq və zərfliklə yanaşı, bir neçə üzv birlikdə də buraxıla bilər.

cavab yarımçıq cümlələri dialoji şəraitdə üç vəziyyətdə ola bilir: 1. Başlanğıc vəziyyətdə; 2. Orta vəziyyətdə; 3. Son vəziyyətdə.

Bu vəziyyətlər buraxılmanın kəmiyyətinə görə müəyyən edilir. Başlanğıc vəziyyətdə bir üzv, orta vəziyyətdə iki üzv, son vəziyyətdə isə daha çox üzv buraxılır.

Başlanğıc vəziyyətdə mübtəda buraxılır: Hani Məndüf? - Anbara girdi.

Başlanğıc vəziyyətdə xəbər, tamamlıq və zərflik də ayrı-ayrılıqda buraxılır.

Orta vəziyyətdə baş üzvlər birlikdə /mübtəda + xəbər/ buraxılır. Buraxılmış mübtəda və xəbər dialoqun sual cümləsində olur: - Nereyə gedəcək bəy əfəndi? - Xastanevə..

Üç üzvün birlikdə buraxılması son vəziyyətdə olur. cümlədə bir neçə üzvün buraxılması cümlə üzvlərinin çoxluğu ilə bağlıdır. Sual cümləsində dörd üzv iştirak edir, cavab cümləsində onlardan biri qalır, yerdə qalanlar isə buraxılır. "Tə"yin + tamamlıq + zərflik" qrupu bu dildə - bu dilin cavab cümlələrində buraxılır: Bu cəməhəti kövdə gördün? - Gördüm /danışıqdan/.

Təktərkibli yarımçıq cümlələr. Axısqa türklərinin dilinin sadə cümlə sintaksisində təktərkibli yarımçıq cümlələr də əsas yer tutur. Mübtəda əsasında formalaşan adlıq cümlə bədii əsərlərin dilində çox işlənir. Məs.: 14 noyabr 1944-cü yil. Noyabr gecəsi. Sabah namazına yaxın gecənin içində vahiməli bir canlanma vardı. Tise köyi. Bu köy Türkiya sərhəddinə çox yaxundur. Qatarlar. Sürgün qatarları. Zulum qatarları. Adresi bəlli olunmayan tərəfə gediyerdi. Orta Asiyanın yilan məliyan çölləri. Bu xalqın belə yerə səpələdilər /cümlələr Ş.Adıgünlinin "Ayrilux havasi" adlı hekayəsindən götürülmüşdür [70, XI.1992].

Göründüyü kimi, adlıq cümlələr bu dildə də adlıq halda olan adlarla, tə"yini söz birləşmələri ilə /sadə və mürəkkəb/ ifadə olunur. Burada həmin xalqın başına gələn faciəli hadisələrin zamanı, yeri və s. göstərilir, lakin onlar barədə heç bir informasiya verilmir.

Söz əhatəsinə görə də adlıq cümlələr bu dildə müxtəlif və geniş formalarda özünü göstərir.

Yalnız bir baş üzvdən ibarət olan adlıq cümlələr müxtəsərdir. Məs.: Axısqa dərəsi... Qara puvar... Geniş adlıq cümlələrdə baş üzvlərlə yanaşı, ikinci dərəcəli üzvlər də iştirak edir. Məs.: 1978-ci yil. Bu yil bənim və babamın həyatında dəyərdə qiyməti bilinməz dərəcədə bağışlanmış bir ne"mət, qırx yil həsrətinan alışıb yanduğumuz Vətən torpağıni görmax idi /G.Şahin/.

Təktərkibli cümlələrin bir qismi xəbər əsasında formalaşır və bunlar da dialoji nitqdə reallaşa bilir. Adlıq cümlədən başqa. Dialoji nitqin sual cümləsi təktərkibli olduqda, onun cavab cümləsi də təktərkibli və yarımçıq olur. Məs.: - Əskərlərin kimə hirsi tutub? - Molla Dursuna /Ş.Adıgünli/ dialoji vahidlərində iki təktərkibli cümlə var. Birinci cümlə - sual cümləsi təktərkibli şəxssiz cümlədir, onun tələbilə işlədilən cavab cümləsi də - "Molla Dursuna" təktərkibli şəxssiz cümlədir. Lakin bu cümlə eyni zamanda yarımçıqdır, daha dəqiq desək, "Molla Dursuna" cümləsi mübtədanın olmamasına görə şəxssiz, xəbərin buraxılmasına görə isə yarımçıqdır. Axısqa türklərinin dilində təktərkibli cümlələrin yarımçıq növləri aşağıdakılardır:

a/ Şəxssiz yarımçıq cümlələr. Xəbərin ifadəsinə görə şəxssiz yarımçıq cümlənin də aşağıdakı növlərinə rast gəlmək olur.

1. Xəbəri məsdər + olar; (olmaz) quruluşlu şəxssiz yarımçıq cümlələr. Bu tipli şəxssiz yarımçıq cümlələr tam və natamam quruluşlu xəbərdən ibarət olur.

Tam quruluşda olanlar: - Əhalisi yüz bindən yoxari olan bu xalqı öz kəndi vətəninə qaytarmax olar? - Qaytarmax olar /İ.Şahzadə oğli/.

Natamam quruluşda olanlar: - Bu xalqi aldatmax olar? - Olmaz.. /İ.Şahzadə oğli/.

Bu cür şəxssiz yarımçıq cümlələr olar, olmaz fe"li xəbərindən ibarət olur. Burada xəbərin məsdər hissəsi iştirak etmədiyindən bunlar natamam quruluşlu şəxssiz yarımçıq cümlələr adlanır. Natamam quruluşlu şəxssiz yarımçıq cümlələr yüksək hiss-həyəcanla deyiləndə təkrarlanır. Məs.: - Yerli cəməhətin səsini kəsmax olmaz? - Olmaz, əfəndim, olmaz /Ş.Şahzadə oğli/.

2. Xəbəri məsdər + gərək, lazım quruluşlu şəxssiz sual cümlələri əsasında şəxssiz yarımçıq cümlələr törəyir. Bu cür şəxssiz yarımçıq cümlələr tamamlıqdan və zərflikdən ibarət olur. Bu quruluşda olan şəxssiz yarımçıq cümlələrdə xəbər tam /bütövlükdə/ buraxılır. Məs.: - cəməhəti nerdə aramaq lazım? - Vaqonlarda /G.Şahin/.

3. Xəbəri məsdərlə ifadə olunan şəxssiz yarımçıq cümlələr. Xəbər bu növdə natamam /bir hissə/ buraxılır. A.N.Baskakov türk dilində olan belə cümlələri «masdarnıe odnosostavnıe predlojeniə" adlandırmış, bunun iki növündən /"nominativnıe masdarnıe predlojeniə" və "modalğnıe masdarnıe predlojeniə"/ bəhs etmişdir [88, s. 6-24].

Axısqa türklərinin dilində şəxssiz yarımçıq cümlənin bu növü geniş yayılmışdır. Məs.: - Susmax və tanriya iltica etmək! Bir istiraba son vermax! /İ.Səfil/.

4.Buraxılmış xəbəri fe"lin vacib şəklində olan şəxssiz yarımçıq cümlələr. Məs.: - Ne zaman əvə dönülməli? - Axşam /İ.Şahzadə oğli/.

5.Buraxılmış xəbəri şəxssiz növ fe"llərlə ifadə olunan şəxssiz yarımçıq cümlələr. Bu cür şəxssiz yarımçıq cümlələr ikinci dərəcəli üzvlərdən /zərflikdən, tamamlıqdan/ ibarət olur. Məs.: - Məsələnizə nə vakıt bakıldı? Yarın /İ.Şahzadəoğli/.

Qeyri-müəyyən şəxsli yarımçıq cümlələr. Bu cür yarımçıq cümlələrin özünəməxsus səciyyəvi quruluş xüsusiyyəti xəbərin buraxılması və ikinci dərəcəli üzvlərinin saxlanmasından ibarətdir. Axısqa türklərinin dilində qeyri-müəyyən şəxsli yarımçıq cümlələr ikinci dərəcəli üzvlərdən ibarət olur.

1. Tamamlıqdan ibarət olanlar. Məs.: Qəsəbədən istiyerlər. - Kimi? - Bəni /S.Toraman/.

Monoloji nitqin yarımçıq cümlələri. Yarımçıq cümlələrin monoloqla bağlı bir sıra xarakterik xüsusiyyətləri Axısqa türklərinin dilində də müşahidə edilir. Axısqa türklərinin dilində bu sintaktik vahidlərin qəzəb, fikri təsdiq və inkar edən, dəqiqləşdirən, xahiş, arzu və çağırış məzmunlu monoloqlarda işləndiyi, ekepressiv - üslubi imkanlara malik olduğu özünü göstərir.

Monoloji nitqin maraqlı xüsusiyyətlərindən biri də burada dialoji vahidlərin işlənməsidir. Lakin dialoji nitqdən fərqli olaraq, monoloji nitqdə sual verən yarımçıq formada özü cavab verir. Məsələn: Kesə yolun nə olduğuni düşünmiyerlərmi?. Bəncə, düşüniyerlər /İ.Şahzadə oğli/; Belə çıxıyer ki, bizdəmi dağılmaliyux? Yox! Dağılmamalıyux /İ.Səfil/.

Monoloji nitqin yarımçıq cümlələri özündən əvvəlki cümlədə olan bir üzvün yenidən təkrar edilməməsi nəticəsində yaranır. Məsələn, Xızır yanaşiyer. Bir çocuğu yumruxla vuriyer öldürer /"Xızır və Musa" hekayəsindən/.

İkinci cümlə ona görə yarımçıqdır ki, bunun buraxılmış mübtədası əvvəlki cümlədə mövcuddur. Əvvəlki cümlədə adı çəkildiyindən /Xızır/ sonrakı cümlədə onun təkrarı lazım bilinməmiş, "o" şəxs əvəzliyi ilə də əvəz edilməmişdir.

Monoloji nitqin yarımçıq cümlələri mürəkkəb cümlələrin tərkibində iki yolla əmələ gəlir.

1. Müstəqil yolla əmələ gələnlər. Bu yolla əmələ gələn yarımçıq cümlələr bağlayıcısız tabesiz mürəkkəb cümlələrin tərkibində işlədilir. Bu cür yarımçıq cümlələr Axısqa türklərinin dilində qarşılaşdırma, müqayisə və iştirak məqamlarında əmələ gəlir. Məsələn: Gəlin xəmir daşiyer, qari çorpa.

Axısqa türklərinin dilində monoloji nitqin yarımçıq cümlələrinin struktur - semantik cəhətdən kontekstual və elliptik növləri fərqləndirilir.

Kontekstual cümlələrdə mübtəda, xəbər, tamamlıq, zərflik və bir neçə üzv buraxılır.

Xəbərin buraxılması daha çox müşahidə olunur: Ağanın vari gedər, xizmətkarın cani /əski söz/; Allah bin dərt vermiş, bin bir də dərman /əski söz/; Ana qızına taxt vermiş, baba qızına baxt /əski söz/; Bayazın adı var, qaranın dadi /əski söz/ və s.

Kontekstual yarımçıq cümlənin qoşulma tipi. Bu cür yarımçıq cümlələr dilçilik ədəbiyyatında göstərilmiş adi yarımçıq cümlələrdən fərqlənir. Türk dillərində qoşulma yarımçıq cümlələr, demək olar ki, az tədqiq edilmişdir. Rus dilçiliyində P.V.Kobzevin, V.N.Kudimovanın yarımçıq cümlənin bu tipinə dair tədqiqatları bizə Axısqa türklərinin dilindəki belə cümlələri əsaslı şəkildə öyrənməyə istiqamət verir [132; 135].

Qoşulma yarımçıq cümlə məsələsi dilin sintaktik sistemində mövcud olan parselyasiya hadisəsi ilə sıx bağlıdır.

Parsellərə bölünmüş cümlədə iki tərəf-qoşan və qoşulan tərəf olur. Qoşan tərəf əsas tərəfdir, bu bazis cümlə də adlanır. Qoşulan tərəf isə parselyatdır, remaya uyğun gəlir. Əslində qoşulan tərəf qoşan tərəfin bir hissəsidir. Qoşulan tərəf, adətən, quruluşca yarımçıq olduğu üçün belə cümlələri qoşulma yarımçıq cümlə adlandırmaq olar.

Axısqa türklərinin dilində parselyat qoşulma yarımçıq cümlələr kənara çıxma yolu ilə əmələ gəlir. Əsas cümlədən kənara çıxan hissə qoşulma yarımçıq cümlədir. Məsələn: Hər şey kövrək idi. Daş da, torpax da... Qaragünli cəməhətin qəlbindən bir şey silinmədi. Türk adi, türk mədəniyyəti! Dərd kəliyerdi. Türk əvlədinin başına eylanmasi uzun çəkəcax bir dərd /Ş.Adıgünli/.

Axısqa türklərinin dilində qoşulma cümlələrin əksəriyyəti əvvəlki cümlədə olan fikri, üzvü daha da aydınlaşdırmaq, konkretləşdirmək və dəqiqləşdirmək məqsədilə işlədilir.

Qoşulma cümlələr struktur-semantik bütövlüyünü mətn daxilində saxlaya bilir. Belə cümlələr mətnsiz yaşaya bilmir. Buna görə də bu cür cümlələrin yaratdığı semantik çalarlar çoxşaxəlidir. Bunlar aydınlaşdırıcı, konkretləşdirici, dəqiqləşdirici, izahedici, ümumiləşdirici və s. mə"nalara malikdir.

Axısqa türklərinin dilində olan bu tip sintaktik konstruksiyalar mətnin komponentlərinin həm qrammatik, həm semantik cəhətdən əlaqələnməsində, onun kommunikativ bir vahid kimi müəyyənləşməsində mühüm rol oynayır.

Elliptik cümlələr. Elliptik yarımçıq cümlələrdə xəbər "sıfır variant"da olur. Buraxılmış xəbər relyativ - nisbi xarakter daşıyır. Xəbər struktur - semantik cəhətdən fərqlənən aşağıdakı tip cümlələrdə elliptik xarakter daşıyır:

1. Atalar sözlərindən ibarət olan cümlələrdə xəbərin ellipsisi.

2. Əmr - çağırış xarakterli cümlələrdə xəbərin ellipsisi.

3. Arzu mə"nalı cümlələrdə xəbərin ellipsisi.

Atalar sözlərində xəbər qarşılaşdırma və müqayisə məqamında buraxılır [213, 1954, N 4, s. 87].

Məsələn: Atda qarın, yigitdə burun /..../*

Ac gezmədən tox ölmax /eydür - ismi xəbəri buraxılıb/; Qarisiz əv - susuz dəgirman /"kimi" qoşması buraxılmışdır/.**

-----------------

*Qeyd: Mö

**Qeyd: «Uşaqsız ev - dəyirmansız daş» /Azərbayjan dilində/.

-----------------

"Bəllidür" xəbərinin buraxılması: Qutli gün toğuşundan /əski söz/.

"Çürüməx" xəbərinin buraxılması: Dəmür nəmdən, insan qəmdən /əski söz/.

"Kərək" /dir/ xəbərinin buraxılması: Azan kurda kızan köpək /kərəkdir/.

Əmr - çağırış xarakterli elliptik cümlələrdə iş və hərəkət fe"lləri buraxılır. Məsələn: Müdirin odasına...; Bögündən qəsəbəyə! və s.

Arzu mə"nası elliptik cümlələrdə də bə"zi fe"li xəbərlər buraxılır. Məs.: Saqlıqla... Bənim saqlıqıma! /danışıq dilindən/.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz