4.2.4. Əvəzlik. Əvəzliklər də dilin leksik vahidlərindəndir. Əvəzlik digər nitq hissələrinin yerində işlənir, mə"naca onları əvəz edir və müəyyən funksiyaları yerinə yetirir.
Axısqa türklərinin dilində şəxs əvəzliklərinin fonetik variantları çoxdur. Bu variantların bə"ziləri həmin dilin şivələrinə məxsus olsa da, bə"ziləri türk və Azərbaycan dillərində işlənən əvəzliklərə uyğun gəlir. Məsələn: ban-ben- bən - men - mən, san - sen - sən, o, u, ü.
Axısqa türklərinin dilində 3-cü şəxsin cəmi iki variantda müşahidə olunur: I v. onnar, unnar; II v. onnux, unnux. Sonuncu variant bu əhalinin dilini digər türk dillərindən ayırır. Məsələn: Onnuği gördüzmi? Onnar nera gidiyerlar?
Aparılmış müşahidələr göstərir ki, Azərbaycana köçüb gəlmiş axısqalıların, hətta qonşu olanların danışığında birinin ban, birinin bən, birinin ben, birinin mən, birinin men, digərinin, onnar, unnar, onnux, unnux və s. işlədilməsinə rast gəlmək olur. Məsələn: Banım etmeyimi çaldı. Banım yüzümə kendilarinə qalsa baxmadilar.
Azərbaycan dilində "mənim kimi", "sənin kimi" qoşmalarla işlənən ifadələr bu dildə "bən kimi", "sen kimi" /qeyri-müəyyən yiyəlik halda/ formalarda istifadə olunur: Belə olsa, ben kimi, sen kimi, onun tək türkün həppisi gürcünün dosti oliyer /danışıq dilində/
Axısqa türklərinin dilində o və bu işarə əvəzliklərinin iştirakı ilə əmələ gələn əvəzliklər qrupu mövcuddur. Bunları iki qrupa bölmək olar: o qrupu işarə əvəzlikləri; bu qrupu işarə əvəzlikləri.
O qrupu əvəzlikləri: aşto, haşto, aho, ora, ahora, aştora. Haştoni bənə ver; Ahoni çəvür və s.
Bu qrupu əvəzlikləri: abu, habu, belə, abela, əbela, bura, abura, habura. Ötəgi sözlərimi eşitməsiniz də olur, ama habu sözümü eşidin... habu işin davası uzun ola bilür /danışıq dilində/.
İşarə əvəzlikləri hallanır.
A.aşto, haşto, aho.
Y.aştonun, haştonun, ahonun
Yn.aştona, haştona, ahona
T.aştoni, haştoni, ahoni
Yer.aştonda, haştonda, ahonda
Çıx.aştondan, haştondan, ahondan.
Müasir türk dilində olduğu kimi, Axısqa türklərinin dilində də qayıdış əvəzliyi kendi əvəzliyidir. Bu əvəzliyə Azərbaycan dilinin Qazax və Şəki dialektlərində də rast gəlmək olur. Akademik M.Şirəliyev göstərir ki, kendi əvəzliyi bu dialektlərdə hallanmır [66, s. 191]. Bundan fərqli olaraq Axısqa türklərinin dilində kendi əvəzliyi həm tərkib daxilində, həm də mənsubiyyət şəkilçisi qəbul edərək hallanır. Məsələn: U kendi - kendina nə iş göriyer? Sen kendi-kendan oxi. O kendi başına gedamaz. Men kendi qıçımi kesdim və s. Bu dildə öz əvəzliyi də işlənməkdədir.
Həmin əhalinin dilində qayıdış əvəzliklərinin özümlü cəhətlərindən biri odur ki, qayıdış əvəzliyi şəxs əvəzliyi ilə əvəzlənə bilir. Məsələn: kendi-kendima, bən-bana, kendi-kendan.
Yol açilur bəxtimizə
Dönax geri yurdumuza
Səfil, işliyax biz-biza
Xeyri dəqsin xalqımıza /Səfil/.
Bu əlamətə Qax rayonunun İlisu şivəsində rast gəlirik. Həmin şivədə "öz-özümə" ifadəsi mən-mağa, "özün-özünə" ifadəsi ilə "sən-sağa" formasında işlədilir [66, s. 191].
Axısqa türklərinin dilində sual əvəzlikləri aşağıdakılardır: ne, na, yanki, hanki, hənki, niya, nera, nerə, nasıl, nətəvür, nəqılıx, qaç, navaxt və s. Kövün ortasında yığılıb kimləri nerə çağırmişlər. Nəsil oldu ki, pulatelilər birinci qaz yaxdilar? /danışıq dilindən/.