Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

GİRİŞ

Mövzunun aktuallığı. Sovet dövləti dağılandan sonra BMT çərçivəsində azsaylı və deportasiyalara dəfələrlə məruz qalmış türk xalqlarının siyasi və etnik tarixinin, mədəniyyətinin, folklorunun, həmçinin dilinin öyrənilməsinə xüsusi qayğı və diqqət yetirilmişdir.

BMT də mesxet türkləri kimi tanınan Axısqa türklərinin etnik mədəniyyəti, tarixi, dilinin bəzi xüsusiyyətləri müxtəlif dövrlərdə bir sıra alimlərin diqqətini özünə cəlb etmişdir [137, s. 27-31; 116, s. 112-115; 207, s. 141-166; 198; 78; 71; 192; 188; 41]. Buna baxmayaraq, Axısqa türklərinin qat-qat çox olan problemlərinin bütün mürəkkəb kompleksini öyrənib dərk etmək üçün həmin xalqın dilinin indiki vəziyyətini də dərindən təhlil etmək lazım gəlir. Təəssüf ki, keçən dövr ərzində bu sahədə də əsaslı tədqiqatlar aparılmamış, əslində bu xalqa və onun dilinə maraq göstərilməmişdir.

Tarixə qarışmış Sovet dönəmində bu mövzunun araşdırılmasına imkan və şərait yaradılmamış, həmin mövzunu gündəliyə gətirmək yasaq olunmuşdur. 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətində qanlı toqquşmada hədəf olduqdan sonra bu xalqın varlığı xatırlanmağa başlanır.

Bu dissertasiya ilə tarixən çoxmillətli bir struktur daxilində təşəkkül tapan, keçmişimizin bir parçası olan Axısqa türklərinin dil xüsusiyyətləri mövzusunun öyrənilməsində ilk addım atmış oluruq.

Bu gün Axısqa türkləri öz torpaqlarında oturan və siyasi təşəkkülü olan bir xalq deyildir. Axısqa türkləri kimi tanınan bu toplumun bu gün həmin bölgədə heç bir təmsilçisi yoxdur. Axısqadan Orta Asiyaya sürgün edildikdən sonra mədəniyyət, dil və siyasi yöndən bir azlıq təşkil edərək, təbii ki, tamamən məchul və unudulmuş bir vəziyyətə düşmüşlər.

Müxtəlif coğrafiyalarda məskunlaşmasına, müxtəlif sistemli dillərin əhatə və təsiri altında olmasına baxmayaraq, bu dil milli və orijinal xüsusiyyətlərini qorumuş, uzun bir mübarizə yolu keçərək başqa dillərin assimilyativ təsirindən özünü xilas edə bilmişdir. Əksəriyyət etibarilə öz varlığını qorumaqla bəzi yad dillərin təsirlərinə də məruz qalmış, yabançı faktlarla «zənginləşmişdir».

Axısqa türkləri qədim dövrlərdən yad dilli xalqların əhatəsinə düşmüş, buna görə də praformalarını həm fonetik, həm leksik və həm də qrammatik cəhətdən qoruyub saxlamışdır. Həmin xüsusiyyətlərin aşkara çıxarılıb elmi izahatının verilməsi və bu dilin ilk qrammatikasının yazılması axısqalıların həyatında tarixi hadisə hesab oluna bilər.

Mövzunun aktuallığını şərtləndirən başlıca xüsusiyyətlər bunlardır:

- Dil yad mühitdə, müxtəlif dillərin əhatəsində, dilin təsərrüfatla bağlı mövqeyi.

- Qaba və sərt cizgilər (Azərbaycan və Türkiyə türkləri ilə müqayisədə).

- Qədim epoxanı yaşadan dil.

- Dilin müxtəlif səviyyələrində «ləngimə» prosesi, inkişafın qeyri-adekvatlığı.

- «Dilə ögey münasibət» - dilin ədəbi dil səviyyəsinə yüksələ bilməməsinin səbəbləri.

- Toponimlər bu xalqın etnolinqvistik yaddaşı kimi.

- Gürcüstanda müxtəlif türk tayfalarının tarixən sakin olmalarının yerli toponimlərdə təsbiti, aid olduğu etnosun və mövcud olduğu ərazinin, tarixən bu yerlərdə baş vermiş ictimai və siyasi hadisələrin coğrafi adlarda inikası. Oykonim və oronimlərin əmələgəlməsini və formalaşmasını şərtləndirən amillər.

- Dilin səs sisteminin, lüğət tərkibinin, qrammatik quruluşunun geniş və aydın mənzərəsini yaratmaq - özünəməxsus əlamətləri araşdırıb üzə çıxarmaq, qədim praforma və derivatları təyin etmək, asemantik və «artıq» elementlərin varlığını təsdiq etmək, analitikliyin qalma səbəblərini müəyyənləşdirmək, söy-kökdə baş verən dəyişmələrin əsas səbəblərini öyrənmək; sintaktik quruluşun nisbi sərbəstliyinin qədim türk dilindən, ondakı güclü informasiyavericiliklə bağlı olan analitizmdən irəli gəlməsini, köhnə cümlə formalarının hələ də qalmasını; saxtalaşdırılmış toponimlərin bərpasını, toponimlərin yazılış və tələffüz variantlarını, mənfur siyasətin familiyaların dəyişdirilməsinə təsirini, ləqəblərlə müraciəti, ad yasağının qalıqları, arxaik morfoloji göstəricilərin dinamikliyi, «Kitabi-Dədə Qorqud»la bağlı uyğunluqlar, Gürcü-Axısqa-Azərbaycan dil paralelləri; ay, həftə adlarının spesifikliyi, məişət leksikasının əlvanlığı və s. bu kimi məsələlərin tədqiqi zərurəti qarşıya çıxır. Həmin cəhətlər mövzunun aktuallığının və tədqiqinin əhəmiyyətini bir daha təsdiqləyir.

Tədqiqatın məqsəd və vəzifələri. Əsas məqsəd Axısqa türklərinin dilini, bu dilin fonetik, leksik, morfoloji, sintaksik və onomastik xüsusiyyətlərini toplu halda öyrənməkdir. Bunun üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

- İlk növbədə, bu xalqın dil və etnik tarixinə bir nəzər yetirmək, bu xalqla-etnosla bağlı tarixin məchul və qaranlıq səhifələrini araşdırmaq, axısqalıların min illərlə yaşadığı, lakin həzırda tarixin günahları ucbatından aralı düşdükləri Mesxet-Axısqa ərazisinin qədim toponim və etnonimlərini tədqiqata cəlb etmək;

- Dili bu xalqın milli varlığını şərtləndirən ən əsas amil kimi nəzərdən keçirmək;

- Axısqalıların tarixi təşəkkülündə bütün aborigen və gəlmə türklərin rolunu müəyyənləşdirmək;

- Axısqa türklərinin dilinin təşəkkülündə hansı tayfaların aparıcı rol oynadığını üzə çıxarmaq;

- Yazılı və şifahi ədəbi dilin inkişafı üçün əlverişli zəmin olmadığından axısqalıların dilində qədim tayfa dillərindən gələn arxaik formaların qalma səbəblərini ortaya çıxarmaq;

- Mesxet ərazisindəki tarixi toponimlər fonunda ən qədim coğrafi adların meydana gəlməsində etnik müxtəlifliyin mövcud olduğu situasiyanı aydınlaşdırmaq;

- Axısqalıların dilinin bir türk dili kimi Azərbaycan və Türkiyə türkcəsindən fərqləndirmək, oxşar və ayrılan cəhətləri göstərmək;

- Bütün dil yaruslarının tədqiqində Azərbaycan və digər türk dilləri ilə müqayisələr aparmaqla Axısqa türklərinin dilindəki milli və orijinal keyfiyyətləri üzə çıxarmaq;

- Bu dilin səs sisteminin, lüğət tərkibinin, qrammatik quruluşunun geniş və aydın mənzərisini yaratmaq;

- Bu dilin Türkiyə türkcəsi və Azərbaycan türkcəsi ilə oxşar və fərqli cəhətlərini - «qaba və sərt cizgilər»i üzə çıxarmaq;

- Dildə qıpçaq və oğuz elementlərini müəyyənləşdirmək;

- Dildə qədim xüsusiyyətlərin qalma səbəblərini aydınlaşdırmaq;

- Müxtəlif dil mühitində sıxılan və inkişafı ləngiyən xüsusiyyətlərə aydınlıq gətirmək;

- Dil müstəqilliyini təmin edən amilləri meydana çıxarmaq.

Tədqiqatın mənbələri. Tədqiqatda istifadə edilən mənbələr xarakterinə görə bir neçə qrupa bölünür: Axısqa türk folkloru: folklor nümunələri axısqalıların yaşadığı ərazilərdən və A.Hacılının «Qəribəm bu vətəndə» (Axısqa türklərinin etnik mədəniyyəti), «Gənclik», Bakı, 1992; A.Poladoğlunun tərtib etdiyi «Bir ulusun söz sənəti» kitablarından, müxtəlif əlyazmalardan («Zanavın mədhi» adlı əlyazmadan, Aşıq Məhəmməd Səfilinin bütün əlyazmalarından, «Vətən eşqi» qəzetində çap olunmuş «Xalq deyimlərin»dən, digər folklor nümunələrindən, o cümlədən bütün yazılardan (1991, 1992, 1993-cü illərin saylarından), S. cikiyanın çap edilmiş bədii mətn nümunələrindən, ayrı-ayrı yazıçı və şairlərin (Ş.Adıgünlü, G.Şahin, c.Xalidov, İ.Şahzadəoğlu, M.Paşalioğlu, L.Sağrızeli və b.) əsərlərindən, Axısqa türkləri ilə aparılmış söhbətlərdən (Söhbətlər maqnitafon lentinə yazılmışdır) alınmış və yazıya köçürülmüş, tədqiqatda istifadə olunmuşdur. Tədqiqatçı Ömər Faiq Nemanzadənin xatirə və məqalələrindən də bir mənbə kimi bəhrələnmişdir. Bundan əlavə, dövrü mətbuatda (müxtəlif regionlarda) mesxeti türkləri haqqında xarici ölkələrdə çapdan çıxmış yazılardan da (Məsələn, Meskhetian turks. Solutions and Human, Sejurity the Forjed Migration procejts of the open sojiety institute. - 1998 by the open sojiety institute (ingilis dilində), Ahiska türkleri. Hazırlayan Kiyas Aslan. Ankara, 1995; M.Fahrettin Kırzıoğlu. Ahıskalı 14 halk şairimizdən birer parça. - Türk kültürü, sayı 47, yıl IV, Eylül, 1996; yenə onun; Gürcistanda eski-türk inanç və geleneklerinin izleri, I Uluslararası türk Folklor Konqresi (İstanbul, 23-30, VI.1975), Bildirileri və s. (türk dilində) əsərləri də mənbə rolunu oynamışdır.

Tədqiqatın metodu. Araşdırmada ən çox təsviri və tarixi - müqayisəli metodlardan istifadə olunmuşdur. Tədqiqatın yönü diaxron və sinxron istiqamətdədir.

Tədqiqatın elmi yeniliyi. Tədqiqat qədim tarixə malik olan Axısqa türklərinin etnik tarixi, mədəniyyəti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji və sintaksik xüsusiyyətlərinin sistematik təsvirini əhatə edir. İlk dəfə olaraq bu dilin səs sistemi, lüğət tərkibi, qrammatik quruluşunun geniş və aydın mənzərəsi yaradılmışdır.

Tədqiqatda bu xalqın dil və etnik tarixinə bir nəzər yetirilmiş, dil bu xalqın milli varlığını, birliyini şərtləndirən əsas amil kimi gözdən keçirilmiş, axısqalıların tarixi təşəkkülündə bütün aborigen və gəlmə türklərin rolu müəyyənləşdirilmiş, bu dilin təşəkkülündə hansı tayfaların aparıcı rol oynadığı üzə çıxarılmış, onların yazılı və şifahi dilində qədim tayfa dillərindən gələn arxaik formaların qalma səbəbləri aydınlaşdırılmış, ən qədim coğrafi adların meydana gəlməsində etnik müxtəlifliyin mövcud olduğu şərait müəyyənləşdirilmiş, bu etnosun təşəkkül tarixində qıpçaq və oğuzların hansının üstün mövqe tutduğu müəyyənləşdirilmiş, bütün dil yaruslarının tədqiqində Azərbaycan və digər türk dilləri ilə müqayisələr aparmaqla onların dilindəki milli və orijinal keyfiyyətlər üzə çıxarılmış, digər dillərlə müqayisədə bu dilin «qaba və sərt cizgiləri» dəqiqləşdirilmiş, müxtəlif dil mühiti və əhatəsində sıxılan və ləngiyən xüsusiyyətlər aydınlaşdırılmış və dilin qismən də olsa, müstəqilliyini təmin edən amilləri meydana çıxarılmışdır. Müxtəlif dil səviyyələrində həmin dilin özünəməxsus cəhətləri, qədimliyini qoruyub saxlayan parametrləri, başqa türk dillərindən seçilən əlamətləri də kompleks halda öyrənilmiş, dəqiqləşdirilmişdir ki, bunlar da işin əsas elmi yeniliklərindən sayıla bilər.

Tədqiqatın praktik əhəmiyyəti. Tədqiqat sırf elmi-nəzəri mahiyyət daşısa da, burada praktik əhəmiyyət kəsb edən cəhətlər də çoxdur. Əslində bu tədqiqatda həmin dili öyrənməyin praktik yolları, üsulları, ana dilinin tədrisi, bu dili məktəblərdə öyrətmək məqsədilə proqramlar və dərsliklər haqqında məlumatlar da verilmiş, türk dili dərslərinin keçirilməsi, ayrı-ayrı mövzuların öyrədilməsi qaydaları da göstərilmişdir ki, bu da dilin təbliği üçün mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, axısqalıların yaşadığı kəndlərdə türk dili1 aşağı siniflərdə (I-IV siniflərdə) həftədə iki saat tədris olunur. Bu iki saata uyğun olaraq proqram və dərslik də hazırlanmışdır. Fikrimizcə, bu tədqiqat türk şagirdlərinin həmin dilin öyrənilməsindəki maraqlarını artıracaq, dilin elmi şəkildə mənimsənilməsində yardımçı rolunu oynayacaq, tədrisdə, demək mümkünsə, dərslik və ya dərs vəsaiti kimi istifadə oluna biləcəkdir.

---------------------------------

1. Qeyd: Axısqalıların dili nəzərdə tutulur - (İ.K.).

Həmçinin bu dissertasiyadan ali məktəblərin türkologiya kafedralarında, filologiya fakültələrində tələbələr bir dərs vəsaiti kimi də istifadə edə bilərlər. Tədqiqatın əsas praktik əhəmiyyətinindən biri də türk dillərinin tarixi, türk dillərinin dialektologiyası, türk dillərinin müqayisəli tədqiqi fənlərinin tədrisində başlıca rol oynaya bilməsidir.

Tədqiqatın elmi-nəzəri əhəmiyyəti. Dissertasiyadan çıxan müddəa və nəticələr digər azsaylı, sürgün və deportasiyalara dəfələrlə məruz qalan xalqların-krımlıların, kalmıkların, Volqa almanlarının, Karaçay-Balkarların, Çeçen-İnquşların, eləcə də yazısı və ədəbi dili o qədər də inkişaf etməmiş dillərin - qaqauz, xələc, qaşqay, karaim və s. əhatəli və geniş səpkidə, dilin bütün səviyyələrində öyrənilməsində imkan və şərait yaradır.

Türkoloji dilçiliyə dair dərs və dərs vəsaitlərinin yazılmasında da bu iş nəzəri cəhətdən müəyyən əhəmiyyət kəsb edə bilər.

Tədqiqatın aprobasiyası. Dissertasiya Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun «Türk dilləri» şöbəsində yerinə yetirilmişdir. Araşdırmanın əsas məzmun və nəticələri («Axısqa türklərinin dili» (Bakı, Elm, 1999,- 278 s.) adlı monoqrafiyada, «Mesxet türklərinin dili», «Türkologiya», jurn., 1996, № 1-6, 37-49; «Mesxet türklərinin dili: Bəzi leksik xüsusiyyətlər»,- Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Ədəbiyyat, dil və incəsənət seriyası, 1998, № 1-2, 76-81; Bun türkləri: tarix, dil və folklor,- Türk lehceleri və edebiyatı dergisi, sayı: 4, Aralık, 1995, 76-80.) və digər toplularda çap olunan məqalələrdə əks olunmuşdur. İşin əsas nəticələri barədə Maxaçkalada (1991), Türk litseylərində (1997), Azərbaycanda keçirilən elmi-praktik konfraslarda məruzələr edilmiş, radio və televizorda çıxışlar, müsahibələr aparılmışdır.

Tədqiqatın quruluşu. Dissertasiya giriş, beş fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz