4.2.7. Zərf. Axısqa türklərinin dilində iş, hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını və s. bildirən zərflər də geniş şəkildə işlədilir. Məsələn: ey, urusça, çapux /tez/, er, yarın, dün, bıldır. kışın, qüzün, aşimdi, sora, birəz, aşşaği, yoxari, şimdi, ebirigün, əvlədə, tey və s.
Dağ aşşağı xizəklərdə enardux /G.Şahin/. Əgər aşşaxdakilər sözümüzə baxmasa, yoxarilərəcək gedağın /İ.Səfil/; Bəlkə bundan sora ey yaşadu. (danışıqdan).
Bu dilin düzəltmə zərfləri -ca, -cə /yengica, usulca, düzcə, azca və s./, -inan /axşaminan, gücinan və s./, -cana, -cənə /yaxşıcana, təmizcənə, eyğamaca və s./, -luğinan /eyluğinan, kötlüğinan və s./, -lari /oyılari, bıldırlari və s./, -dan /birdan, çoxdan və s./morfoloji göstəricilər vasitəsi ilə əmələ gəlir. Məsələn: Axşaminan kövə yetişdux. Günnərinən onların kapusunda tursax da... bizi Vətənə buraxmazlar. Bıldırları Salyandan kömür gətiriyerdim... /danışıq dilindən/.
Mürəkkəb zərflərin də işlək dairəsi genişdir. Ən çox işlənənlər bunlardır: yegin-yegin, qoz-qoz, iləri-geri, üç-üç, sabax erikən, ötəgün, olindi, ebirigün, deyzanda, öyanda, biyani, oyani, axşamçaği, öyləvaxtı, yüzbəyüz, yüz-yüzə və s.
Dizin-dizin çıxdım Yolburusa bən
Seyr etdim gözinən kövləri bir-bir /Aşıq Səfili/
Göründüyü kimi, Axısqa türklərinin dilində mürəkkəb zərflər eyni sözün təkrarı, müxtəlif sözlərin qovuşması, yanaşması və pə, -bə, -ba ünsürünün iştirakı ilə formalaşmışdır.