Axiska (Mesxet) turklerinin dili
İXTİSARLAR

GİRİŞ

I FƏSİL. AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏR

II FƏSİL. FONETİKA

III FƏSİL. LEKSİKA

3.1. Əsas leksik fond

3.1.1. Əkinçilik leksikası

3.1.2. Kənd təsərrüfatı və bostançılıq leksikası

3.1.3. Heyvandarlıq leksikası

3.1.4. Məişət leksikası

3.1.5. Mərasimlərlə (toy mərasimi) bağlı leksika

3.1.6. Xalq musiqi alətlərinin və oyunların adları

3.1.7. Bə'zi bəzək (taxıncaq) adlarının leksik-semantik xüsusiyyətləri

3.2. Alınma leksika

3.3. Terminoloji leksika

3.3.1. İnsanın bədən üzvlərinin adları

3.3.2. Ay, gün, həftə və astronomik adlar

3.3.3. Xalq təbabəti terminləri

3.3.4.Heyvan adları (Zooloji terminlər)

3.4. Regional tə'sirlər, kənara çıxmalar

3.5. «Dədə Qorqud» və Axısqa dil uyğunluqları

3.6. Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

3.7. Dilin şivələri

3.8. Gürcü substratları

3.9. Gürcü dilində Axısqa türklərinin dilinin elementləri

3.10. Onomastik leksika

3.10.1. Antroponimlər

3.10.2. Toponimlər

3.11. Sözün semantik strukturu: əsas semantik proseslər

3.12. Frazeoloji vahidlər

IV FƏSİL. MORFOLOGİYA

V FƏSİL. SİNTAKSİS

NƏTİСƏ

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2.2. Ahəng qanunu

Bu qanun Axısqa türklərinin dilinin fonetik quruluşunda əsas yerlərdən birini tutur. Sözlərin əksəriyyətində, həm türk mənşəli, həm də alınmalarda saitlər arasında möhkəm bir qanunauyğunluq vardır. Sözlərdə qalın saitlər qalın saitləri, incə saitlər incə saitləri izləyir.

a) Qalın saitlərin bir-birini izləməsi: saux-sazax, qılıc, balta-xızar, tavux-çuçullar, ayaxyalın, puvar, mal-tavar, kortluğ, urba, boxça, bayaz, lazut, lobya və s.

b) İncə saitlərin bir-birini izləməsi: ətmək, kütən (kotan), güvəc, tərək, gəmük, yəməni, kömlək, küfə, tələng, mənəmşə, məndil və s.

Ahəng qanunun pozulması halları da müşahidə olunur. Bu hala düzəltmə sözlərin sonunda daha çox rast gəlmək olur. Belə ki, kök sözlərə artırılan leksik və ya qrammatik şəkilçilər əvvəlki səslərlə uyğunluq, ahəngdarlıq yaratmır, incə saitdən sonra incə, qalın saitdən sonra qalın sait gəlmir. Beləliklə, ahəng qanunu pozulmuş olur. Məsələn: həm suçli, həm gücli (əski söz); Tava dəlux, tas dəlux, bu da gəldi üstəlux (əski söz): Zorun var isə, zurnaçibaşi ol (əski söz): Tağlari karladilər, yollari bağladilər (mani) və s.

Bu cümlələrdəki suçli, dəlux, zurnaçibaşi, tağlari, yollari sözlərinin sonuna doğru sait səslərdə keyfiyyətcə dəyişiklik əmələ gəlmiş, arxa cərgə saitlərindən sonra ön cərgə saitləri işlənmişdir. Bu qanunun pozulması bir neçə amillərlə bağlıdır: Axısqa türklərinin yazısı uzun müddət gürcü əlifbası ilə işləndiyindən bu dilin səslərini yazıda əks etdirmək çətin idi, belə bir çətinlik ilə sözlərdə saitlərin ahəngini pozurdu. Həmin xüsusiyyət Azərbaycan yazısının uzun zaman ərəb əlifbası ilə işləndiyi dövrlərdə də olmuş, klassiklərin əsərlərində də müşahidə olunmuşdur.

Yaddilli əlifbadan istifadə nəticəsində sözlərin sonuna artırılan leksik və ya qrammatik göstəricilərdə çoxvariantlılıq formalaşmamış, yalnız şəkilçilərin bir variantından istifadə olunmuşdur. Çoxvariantlı şəkilçilərin isə ön cərgə saitlərindən ibarət olan formaları işlək olmuş və Axısqa türklərinin dilində geniş yayılmışdır. Bu xüsusiyyət həmin əhalinin dilində bir sıra fonetik hadisələr də törətmişdir. Belə hadisələrdən biri İ-ləşmə hadisəsidir. Bu hadisə söz köklərinə i, li, çi və s. birvariantlı şəkilçilərin artırılması ilə əmələ gəlir.

a) Birvariantlı i şəkilçisinin söz köklərinə artırılması nəticəsində ahəng qanununun pozulması: yazi, oğli, kızi, sözi, puvari, kurdi, furuci, pantasi, avisi və s.

Bu dərənin yazi gəlsin,

Oğli gəlsin, kızi gəlsin,

İlham alan yürəgimin

Bin hekmetli sözi gəlsin (cabir Xalidov);

Dupduri puvari haxlıma gəldi (İlim Şahzadayev);

Gezərdi içində avisi, kurdi,

Pantasi, füruci, haxlıma gəldi (İlim Şahzadayev).

b) Birvariantlı li şəkilçisinin söz köklərinə artırılması nəticəsində ahəng qanununun pozulması: qarli, buzli, yanuxli və s.

Qarli - buzli dağlar haxlıma gəldi (İ.Şahzadayev);

Yanuxli hava idi.

v) Birvariantlı çi şəkilçisinin söz köklərinə artırılması nəticəsində ahəng qanununun pozulması: zurnaçi, yabançi, avçi və s.

Zurnaçi zurnasıni vaqonun nəfəsluğundan çıxardıb vətən dağlarına doğri səsləndüriyerdi ("Vətən eşqi" qəzeti, noyabr 1992-ci il); Yaprax uldi kuçuk yürək bədəndə, Vətənsizəm - yabançiyam hər yerdə (Xeyransa Mirzəyeva); Biz quş idux uçaridux havada, Avçi vurdu düşürtdilər yuvadan (Musiqi folkloru) və s.

Axısqa türklərinin dilində ahəng qanununun pozulması faktlarından biri də burada dodaq səslərinin üstünlüyüdür. Bu, danışıq dilindən gələn bir xüsusiyyət kimi qeyd edilə bilər. Aşağıdakı nümunələrdə dodaq səslərinin üstün mövqeyini görə bilərik: Elə ondaykən adıni «ayrilux havası» qoydilər («Vətən eşqi» qəzeti, noyabr 1992-ci il), Üstiaçux bir maşin də qapının ağzıni kəsdürmişdi, bilmam ki, sahabsızlux yüzündənmi, nadansa bu yollar olduxca narahat olmişdi ("Vətən eşqi" qəzeti, noyabr 1992-ci il).

Dodaq səslərinin üstünlüyü, əsasən, lux şəkilçisinin təkvariantlılığı ilə əlaqəlidir. Ümumiyyətlə, bu məsələlərin öyrənilməsi həmin dildə ahəng qanununun pozulması faktı ilə yanaşı, orfoqrafik vəziyyətin də aydınlaşdırılmasına xeyli kömək edə bilər.

Axısqa türklərinin dilində eynicinsli saitlərin bir-birini izləməsi aşağıdakı ardıcıllıqla baş verir:

1. Dilarxası saitlərinin ahəngi. a-a: bayaz, dava, balta, qatar. Dilarxası saitlərin ahəngi bə"zən pozula bilir: yanux, acux, artux, maşinə.

Axısqa türklərinin dilindəki a-u sırası bə"zən Azərbaycan dilindəki o-u sırasına uyğun gəlir: tavux (Axısqa türk dili) - toyuq (Azərbaycan dili). İlk hecada a saitinin dəyişərək o saitinə keçməsi, ümumiyyətlə, ahəng qanununda paradoksal vəziyyətdir [72, s. 54].

I-I ahəngi Axısqa türklərinin dilində pozulur, ikinci səsi "i" əvəz edir: cırdi, çıxdi və s.

Alınma sözlərdə isə ı - ı ahəngi bə"zən gözlənilir. Məsələn: sıhır (sehr). Fələk bizi sıhırlamiş, bağlamiş, Bu sıhıri açamadım, Vətənim (M.Paşali oğli).

2. Dilönü saitlərin ahəngi. ə-ə: zəmzəm, vətən, ətməg, dədə, nənə, dərə, ləçək, çəpər və s.

Axısqa türklərinin dilində Azərbaycan dilinə məxsus ə-ə ahəngi e-e saitlərinin bir-birini izləməsi şəklində müşahidə edilir. Başqa sözlə desək, bir çox hallarda, oğuz qrupuna daxil olan digər dillərdəki e-e ahəngi Azərbaycan dilindəki ə-ə ahənginə uyğun gəlir: keser (Axısqa türk dili) - kəsər (Azərbaycan dili): Keser kendi sapıni yonmaz (əski söz), degeneg (Axısqa türk dili) - dəyənək (Azərbaycan dili): İtin ölümü gelince çobanın degenegin sürünür (əski söz).

Azərbaycan ədəbi dilində e-e ahəngi müşahidə edilməsə də, dialekt və şivələrdə saitlərin bu cür sırasına rast gəlmək mümkündür: gedecek, çeynemek, tekbetek, geder, verer [66, s. 59].

İ-İ. Axısqa türklərinin dilində söz köklərində i saitinin i saitini izləməsi qanunu bizim dilimizdən fərqlidir. Bu saitlər öz yerlərini başqa saitlərə verir. Məsələn, kuçuk (kiçik) sözündə i saiti öz yerini qalın u saitinə vermişdir.

Bə"zən i-i ahəngi güclü mövqedən çıxış edir. Məsələn, Azərbaycan dilində işlənən tülkü sözündəki ü saitinin vəzifəsini tilki sözündə i saiti yerinə yetirmiş, sanki i saiti digər saitin hüququnu əlindən almışdır.

Axısqa dilində i saiti ə saitinin yerinə işlənib eynihüquqlu səs sistemi yaradır. Əncir (Azərbaycan dili) - incir (Axısqa türk dili).

Axısqa türklərinin dilində də güclü damaq səsləri zəif damaq səslərini izləyə bilir. Səslər söz daxilində güclü-zəif iyerarxiyası üzrə sıralanır. Dilarxası saitlərin ahəngi bu cəhətdən səciyyəvidir.

A-I. Bu saitlər bir-birini güclü-zəif iyerarxiyası prinsipinə əsasən izləyir. Həmin səslərin iştirak etdiyi sözlər oğuz qrupu türk dillərindəki sözlərlə eyniyyət təşkil edir: arn /alın/, karvanbaşı, karakış və s.

Bu dilin bə"zi sözlərində a-ı ahəngi a-i variantında təzahür edir və pozulur: tayi (dayı), aynali (aynalı), abbasi (abbası) və s.

A-I ahənginə a-u variantında da rast gəlirik: balduz (baldız).

Axısqa türklərinin dilinin fonetik sistemində dilönü saitlərin ahəngi də geniş yayılmışdır. Ən çox müşahidə edilən ə-i və i-ə istiqamətlərindəki sıradır.

Ə-İ. Bu səslərin ahəngi aşağıdakı tipli sözlərdə özünü göstərir: nərdi, qəlin, çəlik, əlli, kərinjə, kərəfil, əvli və s.

Ə-İ ahəngi əvəzinə ə-ü işlənməsi halları da müşahidə olunur: təmüz (təmiz). Bundan əlavə, ə-i ahəngi yerinə e-i işlənməsi bu dilin türk ədəbi dili ilə yaxınlığını göstərir. Məsələn: eski (əski), zengin (zəngin).

İ-Ə ahəngi: mindər, dirqən, siçrətmə, kinkilə, sinək, kirəz, Niqər, bilək, bitəv, jiqər, çiçəq, inək və s.

E-İ ahəngi Axısqa türklərinin dilində intensivdir. Məsələn: elti, peşkir, peynir. Bu dildəki e-i ahəngi, bə"zən Azərbaycan dilindəki a-ı sırasını əvəz edir: yeşil (Axısqa türk dili) - yaşıl (Azərbaycan dili). E-Ə ahəngi: keçə, yeqən, enqə, qejə. Bə"zən Azərbaycan dilində alınma sözlərdə olan e-ə ahəngi Axısqa türklərinin dilində ə- ə sırası ilə əvəzlənir: vədrə (vedrə).

Zəif səslərin güclü səsləri izləməsi halları da Axısqa türklərinin dilinin fonetik sistemində əsas yerlərdən birini tutur. I-A saitlərinin bir-birini izləməsi bu baxımdan xarakterikdir: tırpan (dəryaz), xırman, sılağ, yırtar, kıça və s.

Qeyd etməliyik ki, dil önü İ səsindən sona A səsinin işlənməsi, ahəng qanunun pozulması halı da müşahidə olunur: kirva, sina, igna kimi sözlərdə müşahidə olunur. Əslində bu sözlərdə işlənən "a" səsi "ə" səsinin funksiyasını yerinə yetirmişdir. Müq. et.: kirvə, sinə, iynə (Azərbaycan dili).

Dodaq saitlərinin ahəngi. Axısqa türklərinin dilində eyni mövqeli dodaq saitləri bir-birini izləyə bilir.

O-O ahəngi: boğoz, koşot. Bu sözlərdəki o-o ahəngi Azərbaycan dilində o-a saitlərinin sıralanması şəklində təzahür edir: boğoz (Axısqa türk dili) - boğaz (Azərbaycan dili), koşot (Axısqa türk dili) - koşat (Azərbaycan dili).

O-O ahəngi Azərbaycan dilində o-u saitlərinin sıralanması şəklində də müşahidə olunur: porsox (Axısqa türk dili) - porsux (Azərbaycan dili); oroc (Axısqa türk dili) - oruc (Azərbaycan dili); xoroz (Axısqa türk dili) - xoruz (Azərbaycan dili).

U-U ahəngi. Axısqa türklərinin dilində u-u ahəngi güclü mövqeyi ilə seçilir. Həmin ahəng dilarxası qapalı saitlərin bir-birini izləməsi prinsipi ilə müşayət olunur: çuçul, buluz, buynuz, luxum və s. U-U saitləri güclü mövqeyi başqa türk dillərindən fərqli olaraq, Axısqa dilində söz ortasında u sait qoşalığını əmələ gətirir: tauux, douuz, kauun, dauul və s.

Axısqa türklərinin dilində u-u ahəngi ilə işlədilən bir sıra sözlər isə digər oğuz qrupu türk dillərindən (Azərbaycan, türkmən) fərqlənir. Belə ki, bu dildə u saitindən sonra ikinci hecada i saitinin işlənməsinə təsadüf olunur: quzi (Axısqa türk dili) - quzu (Azərbaycan dili); uli (Axısqa türk dili) - ulu (Azərbaycan dili), suyi (Axısqa türk dili) - suyu (Azərbaycan dili), kuyi (Axısqa türk dili) - quyu (Azərbaycan dili) və s.

Müasir türkmən dilində u-u ahəngi pozulur, ikinci u saiti yerinə ı - saiti işlənir: quzı, durı, uzın [145, s. 9].

Ü-Ü ahəngi. Ü-Ü ahəngində dilönü, qapalı, dodaqlanan saitlər bir-birini izləyir. Eyni mövqeli saitlər sözlərin tərkibində incə dodaq ahəngini formalaşdırır. dünqür, jüjük, qüjük, qüqüm, düdüq və s.

Müasir Azərbaycan dilində u-i ahəngini Axısqa türklərinin dilində ü-ü sırası əvəz edir: Yusif - Yüsüf.

Azərbaycan dilində i-i ahənginə tabe olan kiçik sözü Axısqa türklərinin dilində ü-ü sırası ilə əvəzlənir: Küçük taş baş yarar (əski söz): Küçük kövün böyük ağası (əski söz).

Axısqa türklərinin dilində ü-ə ahəngi də geniş yayılmışdır: yügrək, yüzgər, yüksək, küpə, küfə və s. Bu dilin bə"zi sözlərində ü-ə sırası u-ə saitləri ilə ifadə olunur. "Sufrə" sözündə bu əlamət müşahidə olunur. Maraqlıdır ki, Azərbaycan dilində qalın saitlərdən ibarət olan o-a sırasını bu dildə ü-ə sırası əvəz edir. Məsələn: Bazar güni kütən (kotan) qoşdum.

O-U ahəngi. Bu ahəng güclü-zəif iyerarxiyası əsasında yaranır. Burada dilarxası açıq və qapalı dodaq saitləri sıralanır. Bu cür izləmə Axısqa türklərinin dilinin fonetik sisteminə məxsus olan qanunauyğunluqlardan sayılır: oxçur (belbağı) - Oxçurundan altun düşiyer; opçu (anbar) - Yer olmur, ona görə gəminin opçusunda (anbarında) oturerlər; oxçu (İlk vuran oxçudur); xorum (Dünya yansa, bir xorum oti yanmaz) (əski söz); boncuq, qolcuk və s.

O-U ahənginin Axısqa türklərinin dilində fərqlənən əlamətləri də vardır. Bu dildə digər türk dillərindən fərqli olaraq, o saitindən sonra i saitinin işlənməsi halları da müşahidə olunur: şoşi, komşi (qonşu), quri və s. O-dan sonra i-nin işlədilməsi, i saitinin hələlik o saitinin tə"siri ilə labiallaşmaması deməkdir. Azərbaycan dilinin dialektlərində, həmçinin türkmən dilində u saitinin yerinə ı - saitinin işlənmə halları mövcuddur. Bu da yə"qin ki, labiallaşma tə"sirinin hələ də zəifliyi ilə bağlıdır: qonşı, oqrı (türkmən dilində), otız, doqqız (Azərbaycan dilinin dialektlərində). M.Ş.Şirəliyev bu prosesi dodaq ahənginin pozulması faktı sayır [66, s. 48].

Ö-Ö ahəngi. Axısqa türklərinin dilində ö saitinin ö saitini izləməsi qözöl, dögön sözlərində müşahidə edilir.

Ö-Ü ahəngi. Başqa türk dillərində olduğu kimi, Axısqa türklərinin dilində də bu ahəng mövcuddur: kövül, böqrüm, körük və s.

Ö-Ü ahəngində özünü göstərən bə"zi sözlər Azərbaycan dilində ö-ə, u-ü sırası ilə ifadə olunur. Müq. et: ö-ü (öskürük)- ö-ə (öskürək).

 
 

© WebMaster: CAhid KAazimov - cahidbdu@yahoo.com - {WebStar} - Muellif huquqlari qorunur.

Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz...

© 2002-2003, www.axiska.narod.ru - Muellif huquqlari qorunur (© Ismayil Kazimov).

 

Ismayil Kazimov
Hosted by uCoz