İsmayıl Kazımov
Sovet Birliyinin dağılmasından
sonra MDB deyilən bir qurum yeni əsaslarla
yarandı, ölkə daxilində radikal
addımlar atıldı, ictimai-siyasi platformada
dəyişkənliklər əmələ
gəldi, o cümlədən milli respublikalarda,
Azərbaycanda da milli mətbuatın landşaftı
genişlənməyə başladı.
Bu illərin çoxsaylı
müstəqil mətbuatı da yaranır,
müstəqillik qazanmış respublikamızın,
onun zəngin dilinin əsas leksik - frazeoloji
layını və sintaktik quruluşunun
yeni və əsas qanunauyğunluqlarını
əks etdirir.
Kütləvi informasiya vasitələrindən
biri kimi mətbuat mühüm informasiya mənbəyidir.
Onun səhifələrində olan mətnlər
ictimai problematikliyi ilə-tarixi, siyasi, iqtisadi,
mədəni və s. məsələləri
hərtərəfli şəkildə
əks etdirməsi ilə aktualdır.
Qəzet ölkə həyatını
konkret faktlarla-iqtisadi, siyasi, ideoloji, mədəni
və s. faktlarla təhlil süzgəcindən
keçirir, sosial problemləri həll
edir.
Müstəqil mətbuat da xronikal-informasiyaları,
bugünkü gercəklikləri, baş
verən hadisələri, daxili və
xalqlararası həyatı ən sadə,
ən asan bir dildə və üslubda
təqdim edir.
Son zamanlar ölkəmizin ictimai
fikrində çox da sadə olmayan proseslər
gedir. Son illərin mətbuatı da ictimai
fikrin sferasında dinamik meyllərlə
inkişaf edir. Kəmiyyət etibarı
ilə daha çox müşahidə
olunan mətbuatımız keyfiyyət
baxımından bəzən "axsayır".
Azərbaycanda demokratiyanın inkişafı,
söz azadlığının bərqərar
olması mətbuatın bir sıra
əsas meyarlarını sanki arxa plana
keçirmişdir. Bəzi nümunələr
istisna olmaqla, əksər qəzet yazılarında
profesionallıq aşağı səviyyədədir,
bəzən də heç yoxdur. Ayrı-ayrı
müstəqil qəzetlərdə ədəbi
dilimizin ən adi normalarına (orfoqrafik,
qrammatik) belə əməl olunmur, baş
redaktorun baş məqalə yerində
verdiyi yazıda cümlənin harada başlayıb
harada qurtardığını müəyyənləşdirmək
çətin olur.
Ancaq bununla belə, bu gün Azərbaycan
mətbuatı milli köklər və
milli zəmin üzərində qurulub,
Azərbaycan deyilən bir məmləkətin
qayğı və problemlərinin həllinə
kömək məqsədini üstün
tutur. 90- cı illərin və yeni yüzilliyin
başlanğıcının xaotik
hadisələri, ölkənin gələcək
perspektivləri azad sözün, demokratik
fikrin, yeni üsluba keçid mərhələsinin
işığında təhlil olunur.
Qəzet ən aktiv şəkildə
Azərbaycan ədəbi dilini moderniləşdirir:
leksik (yeni söz və terminlərin yaranması
və işlənməsi, alınmaların
dilə daxil olması və mənimsənilməsi
və s.) və sintaktik (söz birləşməsi
və cümlə sintaksisi) səviyyələrdə.
Yeni dil hadisələri və prosesləri
qəzet səhifələrində
meydana çıxır. Bugünkü
qəzetin dili yeni, ümumi dil normaları
və onun demokratikləşməsi,yəni
xəlqiləşməsi ilə xarakterizə
oluna bilər.
Müstəqil mətbuat da ölkədə
baş verən bütün yeniliklərə
biganə qalmır, yeni ictimai quruluşu,
siyasi mühiti, iqtisadi şəraiti hərtərəfli
işıqlandırmağa çalışır.
Təbii ki, dilimizin lüğət tərkibində
baş verən dəyişmələr
müxtəlif ictimai- siyasi təsirlərdən
məhrum deyildir. Lüğət tərkibində
özünü göstərən dəyişmələr
daim eyni xarakter daşımamış,
cəmiyyətin müxtəlif inkişafı
dövrlərində özünəməxsus
xüsusiyyətləri ilə fərqlənmişdir.
Prof. A.Axundov dilimizə dövlətimizin
qayğı göstərməsi məsələsindən
danışarkən göstərir ki,
yeni ictimai quruluş, siyasi mühit, iqtisadi
şərait 70 ildə vərdiş
etdiyimiz ictimai- siyasi- iqtisadi şəraitdən
fərqləndiyinə görə dilimizin
ictimai funksiyasında da bir sıra yeniliklər
yarandı, dəyişikliklər baş
verdi. 60 il dilimizin yazı vasitəsi olan
kiril qrafikalı əlifba latın qrafikalı
yeni yazılı və şifahi növləri
əvvəlki dövrlərlə müqayisədə
sayca olduqca çox olan kütləvi informasiya
vasitələrində- qəzet və
jurnallarda, dövlət və özəl
televiziya kanallarında, radioda yeni dövrün
məhsulu olan təşkilat aə müəssisələrin
adlarında təzə xüsüsiyyətlər
qazanmağa başladı. Yeni ictimai-siyasi
övqata, demokratik şəraitə sürətlə
uyğunlaşmağa başlayan dilimizin
inkişafında böyük uğurlarla
bərabər, müəyyən problemlər
də meydana çıxdı. Bu vəziyyət
hələ də davam edir və özünü
bu gün də aydın göstərməkdədir.1
---------
1. Axundov A. Dilimizə dövlət
qayğısı.- "Azərbaycan
dili və ədəbiyyatı tədrisi",
№ 3, 2001, s.9.
Müstəqil qəzetlərin
dilində özünü göstərən
ictimai- siyasi leksika respublikamızın
siyasi həyatını, cəmiyyətin
siyasi dünyagörüşünü,
məfkurəsini hərtərəfli
şəkildə əks etdirir.
Mətbutın dili göstərir
ki, dilimizdə istifadə olunan bir sıra
rus mənşəli ictimai- siyasi alınmalar
müəyyən zaman çərçivəsində
ictimai mühitin dəyişməsi ilə
semantik diferensiasiyaya uğrayıb. Gercək
fakt və hadisələrin şərhinə,
onlar arasında olan əlaqə və
münasibətlərə siyasi mövqedən
yanaşılır. Yeni ideoloji mühitə
uyğun ictimai-siyasi terminologiya inkişaf
prosesi keçirir.
İctimai-siyasi leksika bütün
dillərin leksik layında aparıcı
yerlərdən birini tutur. Çünki
ciddi və mürəkkəb ictimai-siyasi
hadisələr, ziddiyyətli situasiyalar,
bir sözlə ölkə daxilində
baş verən ictimai-siyasi durum və
s. mətbuatın səhifələrində
bu olayları özündə əks
etdirən söz və terminlərlə,
terminoloji ifadələrlə intişarını
tapır. Müəyyən zaman kəsiyində
ictimai- siyasi leksika ən çox alınma
xarakteri daşıdığı
üçün tərcümə mətnləri
ilə milli dillərə daxil olmuşdur.
O cümlədən də, Azərbaycan
dilinə. Məs.: klan, respondent, geopolitik,
paranormal, killer, mafiya, sprut, revanş, preventiv,
korrupsioner, reputaş, kuluar, presedent, piket,
funksioner, komromat, xaos, xaotik, xarizma, konfidensial,
konfliktoloq, media, kollaps, brifinq və s.
Bu alınmalar, fikrimizcə,
müstəqil mətbuatın dilinə
bəzi hallarda ağırlıq gətirir,
bunların qarşılıqları
tapılmalıdır.Əks təqdirdə
mətnlərdə anlaşılmazlıq
meydana gələr. Qeyd etmək lazımdır
ki, Türkiyə türkcəsində
«Dilimize sahip çıkıyoruz»,
«Yabançı kelmelere karşılıklar»
başlıqlarında verilən bu tipli
alınmaların (məsələn:
sempati (təklif olunan qarşılığı
yakınlıq), prezante etmek (tanıtmak),
mantalite (zihniyyet, anlayış), departman
(bölüm), sponsor (destekleyici) ekvivalentləri
mətbuatda təklif olunur. Bu ənənədən
bizdə də istifadə olunmalıdır.1
-------------------
1. Türk dili. Dil ve edebiyat dergisi.
Sayı: 509/mayıs, 1994, s. 344-346; Türk
dili. Dil ve edebiyat dergisi. Sayı: 516/aralık,
1994, s. 476-477. Türk dili. Dil ve edebiyat dergisi.
Sayı 518/şubat, 1995, s. 154-155.
Müstəqil mətbuatda sosial-iqtisadi
həyatın bütün sahələri
canlandırılır. Müstəqil
qəzetlərin dilində işlənən
sosial-iqtisadi terminlər ictimai- siyasi və
iqtisadi elmlərin vəziyyətini, ictimai-
siyasi durumu, cəmiyyətin hazırkı
inkişaf səviyyəsini, Azərbaycan
xalqının siyasi məfkurəsini,
ideologiyasını, müxtəlif ideya
və baxışları, insan fəaliyyətinin
növlərini, fəaliyyətin nəticələrini
və s. əks etdirir.
"İqtisadiyyat" qəzetində,
»İqtisadiyyat və həyat»
jurnalının səhifələrində
sosial-iqtisadi həyatın müxtəlif
sahələri ilə bağlı
işlənmiş terminoloji vahidlərin
əksəriyyəti kalka üsulu ilə
formalaşmışdır. Bu terminoloji
vahidlərin çoxu söz birləşməsi
şəklindədir. Məs.: investisiya
mühiti, investisiya yardımı, iqtisadi
inteqrasiya, azad ticarət, milli istehsal, kütləvi
bazar, istehsal xərcləri, milli aqrar siyasət,
vahid kənd təsərrüfatı
məhsulları, "ümumi bazar",
iqtisadi artım, Avropadaxili ticarət, iqtisadi
maraq (MDB iqtisadi maraqları), iqtisadi-siyasi
maraq, iqtisadi işin təkmilləşdirilməsi,
iqtisadi forum, sosial həyat, fermer təsərrüfatı,
iqtisadi islahat, kiçik sahibkarlıq, daxili
borcun ödənilməsi, özəl
bölmə, azad istehlakçı və
s. ("İqtisadiyyat", 11-17 yanvar 2002-ci
il, № 1,157); 18- 24 yanvar 20002- ci il, №
2,158); 24- 31 yanvar 2002- ci il, № 3, 159).
Sosial- iqtisadi terminlərin mühüm
bir qismini m a l i y y ə sazhəsində
mətbuatda yeni işlənən termin
və terminoloji vahidlər təşkil
edir. Bu vahidlər ölkə daxilində
maliyyə sisteminin yeni quruluşa uyğun
kəsb etdiyi anlayış və məvhumlarla
əlaqədardır. Müstəqil
qəzetlərin dilindən seçilmiş
aşağıdakı nümunələrə
diqqət yetirək: valyuta bazarları,
xarici valyuta, dolların məzənnəsi,
valyutaların devalvasiyası, valyutadəyişmə
məntəqəsi, markanın məzənnəsi,
sabit saxlanılma, iqtisadi həyatın
dinamikası, inflyasiyanın səviyyəsi,
iyena səviyyəsi, maliyyə böhranı,
faiz dərəcələri, sərmayə
qoyan, iqtisadi siyasət, maliyyə islahatı,
bazarda qiymətlər, kredit bazarı,
səhm, kredit faizləri, maliyyə defisiti,
qısamüddətli borc, investesiya bankı,
xarici valyuta, investesiya bazarı, fond bazarları,
xarici investorlar, beynəlxalq maliyyə təsisatları,
maliyyə paketi, milli pul vahidi, struktur islahatlar,
vahid valyuta markası, milli referendum, vahid
Ümumavropa valyutası, özəl bank,
özəl şirkət və s.
Son illərdə dilimizin öz
sözləri, həmçinin vaxtilə
digər dillərdən həmin dilin
leksikasına daxil olub vətəndaşlıq
statusu qazanmış leksik vahidlər
əsasında ö d ə n c, a ş
k a r l a m a, a ç ı q l a m a, a ş
k a l a m a, qarşıdurma, anlam, köçkün,
qaçqın, şəhidlik, tərəfdaş,
dövlətçilik və s. terminlər
yaradılmışdır və həmin
tipli sözlər hazırda müstəqil
mətbuatın dilində işlənməkdlədir.
Alınma proqressiv proses olub bir
dilin lüğət tərkibi başqa
bir dilin lüğət tərkibi hesabına
zənginləşir. Alınma sözlər
və terminlər isə ilk dəfə
mətbuat səhifələrində
görünür. Alınma prosesi də
dövrün ictimai- siqasi, iqtisadi- mədəni
və s. dəyişkənlikləri
ilə yeniləşir və sürətlənir,
köhnəlmiş alınmalar dildən
çıxmağa başlayır, yeni
anlayış və məfhumlar yeni
neologizmləri başqa dildən alır.
Son illərdə vəziyyət
dəyişdiyindən, xüsusən
Türkiyə türkcəsindən «canlı
yayım», «iqtidar» (bu söz
ərəb mənşəlidir- İ.K),
«cizgi filmi», «özəlləşdirmə»,
«iş adamı», «durum»,
«yetərsay», «Anayasa»,
«düzən» kimi söz və
terminlərin dilimizə gətirildiyi,
kütləvi informasiya vasitələrində,
rəsmi sənədlərdə müvəffəqiyyətlə
işədildiyi müşahidə olunur.
Hər halda, bu işdə də müəyyən
bir prinsip gözlənilməlidir.»Zaman»
və «Azadlıq»qəzetlərində
bu cür sözlərin mətnlərdə
gen- bol işlənməsi,fikrimizcə,çox
da yaxşı hal deyil.
Mətbuat dilində Türkiyə
türkcəsində işlənən
bir sıra terminlərin ərəb-fars
mənşəli sözləri sıxışdırmasını
isə alqışlamaq olar : önəm-
əhəmiyyət, olay- hadisə,uçak-
təyyarə və s.
Bəzən alınmalar milli
sözləri özünə qoşub
mürəkkəb söz yarada bilir: supergüc,
atəşkəs və s.
Alınma ünsür kimi fars
mənşəli «pərəst»,
«daş» şəkilçilərinin
sözyaratma funksiyası genişlənmişdir.
Məs.: Moskvapərəst, Türkiyəpərəst,
qərbpərəst; tərəfdaş,
məsləkdaş və s.
Müstəqil mətbuatın
dilində ekzotizmlərin bəziləri
də ictimai- siyasi quruluşun təbiəti
ilə bilavasitə əlaqədardır.
Məs.: spiker, ratifikasiya, funksioner, divident,
speklüyasiya, brifinq, totalitar, investisiya, stereotip,
unitar, legitim, kuluar və s. Spiker M. Ələsgərov
da prezidentin səlahiyyət müddətinin
artırılmasını dəstəklədi
("Şərq" qəz., 2 fevral
2002-ci il, 23 (843); MM-in birinci iş günü
bir sıra sazişlərin ratifikasiya
edilməsi ilə başa çatdı
(Yenə orada); İndi deyirlər, partiya
funksioneri, partiya funksioneri. Bu adamların
böyük əksəriyyəti heç
funksioner də deyilər (Yenə orada);
AXCP-yə hər hansısa dividentlər
dətirirsə, mən o dividentləri
eşitmək istəyərdim (Yenə
orada); Avropa Şurası məsələsində
hakimiyyətin ən böyük speklüyasiyası
nə idi? (Yenə orada), …Yeri gəlmişkən,
Rusiyanın «yeni təşəbbüsü»nə
cavab olaraq Qafqazda alternativ alyansın- siyasi
k u l u a r larda çoxdan intensiv şəkildə
müzakirə obyektinə çevrilmiş
«Türkiyə-Azərbaycan - Gürcüstan
üçlüyü»nün yaradılması
da istisna edilmir… («Günay»,
№ 10, 10.03.2002).
Frazeologizmlər qəzet dilində
üslubi resursları işıqlandırır.
Qəzet səhifələrində
istifadə olunan frazeoloji ifadələr
yeni əsrin xalq dilini əks etdirir. Müəlliflər
frazeoloji ifadələrdən müəyyən
mətləbləri ifadə etmək
üçün istifadə edirlər.
Onlar mühüm ictimai- siyasi durumu bu vahidlərdən
istifdə etməklə canlandırırlar.
Məsələn, Bir vaxtlar sovet şairi
Süleyman Rüstəm h a r a y ç ə
k i r d i ki, cənnət görmək
istəyən Azərbaycana gəlsin
("Şərq" qəzeti, 9 fevral
2002- ci il). Müəllif "haray çəkmək"
frazeoloji ifadəsini "yazmaq" felinin
əvəzinə işlətmiş
və bu yolla Şəkinin Dərəcənnət
kəndinin iqtisadi problemlərini oxucuya
ifadəli,obrazlı şəkildə
çatdırmışdır. Və
yaxud "Daşlar Şəkinin Dərəcənnət
kəndinə tökülməyindədi",
"Dərəkəndə daş
tökülür"- cümlələrində
"daş tökülmək" feli
frazeologizmdir.
Danışıq dilinə
məxsus sözlər bəzən qəzet
mətnlərində üslubi manevrləri
əks etdirir, müəyyən mətləblər
üçün istifadə edilir. Xüsusən
də, kinayə məqsədilə.
Məsələn, belə mətnlərdə
«ikinci», «üçüncü»
sıra sayları ironik məqamı
yaratmaq üçün «ikiminci»,
«üçümüncü» şəklində
istifadə olunur: İkimincisi, bu «Viaqro»
Azərbaycana necə gəlir? Üçümüncüsü
də hanı bu işə nəzarət
edən əlaqədar orqanlar? Və
nəhayət, məndən sizə
bir axır əmanət! Erməni ki
var, sizin düşməninizdir, onunla alver-zad
eləməyin. Çünki erməni
bir gün sizə a t a c a q! («Günay»,
№ 10, 10.03.2002).
Son illər danışıq
dilində "atmaq" feli öz semantik
inkişafını dəyişmiş,
«aldatmaq» mənasında işlənməkdədir.Bu
söz müstəqil mətbuatın
dilində də özünə yer etmiş,
komik vəziyyətlərin təsvirində
istifadə olunur. Məs.: Kimə gəldi
atmışıq, atanşik adını
bəzilərimiz almışıq
("Şərq" qəzeti, 9 fevral
2002- ci il).
Mətbuat dilinə termin axını
güclü şəkildə müşahidə
olunur. Hər bir yeni söz və terminlər
yeni sosial həyatın mənzərəsini
əks etdirir. Bunların bir qismi leksik şəkilçilərin
köməyilə formalaşmışdır:
- çı4, -cı4: cəbhəçi,
cilalayıcı, daşıyıcı
(dilin daşıyıcısı),
qazıyıcı, aparıcı müxalifətçi
və s.
- lıq4: birlik, əyanilik,
mənlik (mənlik şüuru), dəyişkənlik
və s.
- ma2: sapma, ödəmə,
və s.
- ış4: davranış,
dönüş, açılış,
qurtuluş, ödəniş, çevriliş
və s.
Müstəqil mətbuatın
dilində ədəbi d i l n o r m a l a
r ı n ı n p o z u l m a s ı halları
,yuxarıda göstərdiyimiz kimi, tez-tez
müşahidə olunmaqdadır.
A) Orfoqrafik normanın pozulması.
«İş adamları» ifadəsi
bəzi qəzetlərdə bitişik,
bəzilərində isə ayrı
yazılır: «Üzümü iş
adamlarına tuturam» («Yeni müsavat»,
№ 98 (1673) 15 aprel 2002); «Adı çəkilən»,
«sözü gedən» sözləri
də gah ayrı, gah da bitişik yazılır.
Fikrimizcə, belə sözlər bitişik
yazılmalıdır. «Dünyagörüşü»
sözü bitişik yazılır. Lakin
«Günay» qəzetində bu sözün
ayrı yazıldığı hallara
təsadüf edilir. Məs.: Biz siyasi d
ü n y a g ö r ü ş ü n, əqidənin
dəyişilməsinin əleyhinə
deyilik (№10,10.03.2002); Dərman insan orqanizmi
ü ç n (üçün-olmalıdır)
yad elementdir («Yeni müsavat», №
98 (1673) 15 aprel 2002); Söz sətirdən-sətirə
düzgün keçirilmir: Bir çox ada
m l a- rda bu keyfiyyət çatışmır
(yenə orada).
B) Qrammatik normanın pozulması.
Bir çox hallarda müstəqil mətbuatın
dilində morfoloji norma pozulur. A s e m a n t
i k şəkilçilərdən istifadə
məqamında. Məs.: «Bölgədə
tam s a k i t ç i l i k d i r» (sakitlikdir-
olmalıdır), -çi şəkilçisi
artıqdır. Bu əlamət dil pleonazmdır.Bu
hal «öhdəçilik- öhdəlik
sözlərində də özünü
göstərir»; Ermənistan elə
bir ölkədir ki, Qaf q a z l a r d a yerləşir…
(«Günay», № 10, 10.03.2002). Fikrimizcə,
-lar- cəm şəkilçisi Qafqaz
toponimik vahidində artıqdan işlənmişdir,
beləliklə, qrammatik norma gözlənilməmişdir.Bu
cür norma pozuntularına aid çox misal
göstərmək olar.
Müstəqil mətbuatın
dilində eyni mənalı terminlərin
paralel- müvazi işlənməsi prosesi
gedir. Qərblə münasibətlərin
geniş miqyas aldığı bir zamanda
həmin kontekstlə bağlı leksika
ərəb- fars , bəzən də
milli leksikanı üstələyir. Məs.:
region- bölgə, kredo - əqidə,
kompromis - güzəşt, faktor - amil,
geosiyasi- geopolitik və s.
Milli sözlərin mətbuat
dilinə gətirilməsi. 80 -ci illərin
sonundan etibarən ölkə həyatında
hər bir sahədə milliləşmə
prosesi gedir. Bu proses ilk öncə mətbuatda
işıqlandırılır. Milliləşmə
prosesi soyadlarımızın, milli adət-ənənələrimizin,
milli dəyərlərimizin, milli mentalitetimizin,
milli şüur və ləyaqətimizin,
milli sərvətlərimizin və s.nin
canlandırılması və üzə
çıxarılması ilə bağlıdır.
Mətbuat dilində soyadlarımızın
milliləşdirilməsi ilə bağlı
leksika formalaşmışdır. Məs.:
soyad, kimlikləşmə,özümlük,
soykök, soykökə qayıtma və
s.
Müstəqil mətbuat dilinin
sintaksisində də yeniləşmə
halları həm söz birləşmələrin
semantik çalarlarında və həm
də yeni sintaktik konstruksiyalarda özünü
göstərir.Qoşulma əlaqəsi
ilə meydana çıxan konstruksiyalar
belələrinə nümunə ola
bilər, bunlar bədii publisistik mətnləri
cana gətirir. Qoşulma konstruksiyalar sanki
bu və ya digər cümlə üzvünün
(və ya cümlə üzvünün
həmcinsinin, əlavəsinin) cümlədəki
öz yerindən kənara çıxarılmasıdır.
Ona görə də qoşulmalar müxtəlif
cümlə üzvlərinə uyğun
gəlir, adətən, müxtəlif
cümlə üzvlərindən ibarət
olur.1
---------
1. Kazımov Q.Ş. Müasir
Azərbaycan dili. Sintaksis. "Ünsiyyət",
Bakı, 2000, s. 238 .
Aşağıdakı cümlələrə
nəzər yetirsək, həmin konstruksiyaların
işlənmə məqamları ilə
ətraflı tanış olmaq mümkündür
: Əvəzində evimizi dövrləyən
yaxşı daş hasarlarımız
var. H ü n d ü r , m ö h k ə m ("Şərq"
qəzeti, 9 fevral 2002- ci il, 28 (843); Azərbaycan
məmurları həmişə eyni
sifətdə olub. İstər sövet
dövründə, istərsə də
indi ("Xalq qəzeti", 7 fevral 2002-ci
il, №26(56).
Beləliklə, nəticə
olaraq göstərmək olar ki, müstəqil
mətbuatın dili bu gün publisistik dilimizin
yeni mərhələsini təşkil
edir, yeni dil proseslərinin meydana çıxmasına
imkan və şərait yaradır. Bu
müxtəlif proseslərin daha geniş
şəkildə öyrənilməsi
dilçiliyimizin qarşısında
duran ümdə vəzifələrdəndir.