(İsmayıl
Vəli Öməroğlu. Ədəbi
- bədii və uşaq kitablarının
redaktəsi. Ali məktəb
tələbələri üçün
dərslik. Azərbaycan Milli Ensiklopediyası
Nəşriyyatı, Bakı-2002.
Elmi redaktorları. Prof. B.Allahverdiyev;
p.e.n., Z.Abdullayev).
Cəmiyyətin inkişaf
qanunauyğunluqlarından, insanların
mənəvi ehtiyac və tələbatından,
ictimai həyatın məzmunudakı
sosial problemlərdən doğan bədii
ədəbiyyatın kamil, yetkin və
mükəmməlliyi təkcə onun
müəllifinin bilik və istedadından
asılı deyil, həm də onunla
birgə zəhmətə qatlaşan,
ikinci müəllif statusu qazanan nəşriyyat
redaktorunun səriştə və təcrübəsindən
də çox asılıdır.
Nəşriyyat redaktoru. Ciddi
və mürəkkəb yaradıcılıq
prosesinin iştirakçısı. Bu
ixtisasın aktuallığı harasındadır
və həmin sahədə mütəxəssis
hazırlığı respublikamızda
nə səviyyədədir? Əvvəllər
bu işlər nəşriyyatlarda tanınmış
şair və yazıçılara
tapşırılırdı, etibar
edilirdi. Azərbaycanda bu gərəkli
və maraqlı ixtisası hazırlayan
fakültələr də yox idi. Milli
proqram, dərsliklər, dərs vəsaitlərimiz
də yox dərəcəsində
idi. Təqdirolunmalı haldır ki, son
illər BDU-nun kitabxanaşünaslıq-informasiya
fakültəsində «nəşriyyat
işi və redaktəetmə»ixtisasının
mühüm əhəmiyyəti nəzərə
alınmış, mütəxəssis
hazırlığına ciddi önəm
verilmişdir. Azərbaycan dilində bu
sahədə dərslik və dərs
vəsaitlərinin olmaması da tələbələr
üçün müəyyən çətinlik
yaradırdı. Filologiya elmləri doktoru,
professor İsmayıl Vəli Öməroğlunun
«Ədəbi-bədii və uşaq
kitablarının redaktəsi» kitabı,
zənnimizcə, həmin boşluğu
doldurmaq, tələbatı ödəmək
baxımından böyük əhəmiyyət
kəsb edir.
Dərslik müəllifin özünün
tərtib etdiyi «Ədəbi - bədii
və uşaq kitablarının redaktəsi»
fənnindən dərs proqramı əsasında
yazılmışdır. Həmin
proqramın dərsliyin sonunda verilməsini
ilk təşəbbüs kimi qiymətləndirmək
lazımdır. Proqramda fənnin məqsəd
və vəzifələri, tələbələrin
bilik və bacarıqları ilə bağlı
tələblər, digər yaxın
fənlərlə əlaqə, fənnin
məzmunu, ədəbi-bədii əsərlərin
redaktəsi, nəşrlərin tipoloji
xüsusiyyətləri, müxtəlif
ədəbi növlər üzrə
redaktə işinin əlamətləri;
uşaq ədəbiyyatının
redaktəsi və s. məsələlər
öz əksini tpmışdır.
«Ədəbi-bədii
və uşaq kitablarının redaktəsi»
fənni «Ədəbiyyatın ayrı-ayrı
növlərinin (elmi-texniki, siyasi-kütləvi
və s.) redaktəsi» fənninin
bir hissəsidir. Bu fənnin adını
sadəcə olaraq «Bədii əsərlərin
redaktəsi» də qoymaq olardı.
Çünki burada həm böyüklər,
həm də uşaqlar üçün
yazılan bədii əsərlər
nəzərdə tutulur.
Müəllif redaktə işinin
ciddiliyi, özünəməxsusluğu
(xüsusi bilik, təcrübə və
səriştə tələb etdiyini)
üzərində dayanaraq göstərir
ki, tələbələr-redaktorlar
ilk öncə bədii ədəbiyyatın
qanunauyğunluqlarınından baş
çıxarmalıdır. Çünki
bu qanunauyğunluqları (ədəbiyyat
nəzəriyyəsi, ədəbiyyat
tarixi, müasir ədəbi proses) bilmədən
yaxşı redaktor olmaq çətindir.
İ.Vəli kursun vəzifələrini
ümumiləşdirir. Fənnin məzmununun
xarakterini açır. Bu vəzifələr
ədəbi - bədii əsərlərin
tipologiyası sahzəsindəki bilikləri
dərinləşdirməkdən;
ədəbiyyatın tiplərinə
və növlərinə verilən
tələbləri müəyyənləşdirməkdən
və s.- dən ibarətdir.
Dərslik iki böyük hissədən
ibarətdir: I hissə «Ədəbi-
bədii əsərlərin redaktəsi»,
II hissə isə «Uşaq kitablarının
redaktəsi» adlanır.
I hissənin üç bölümündə-
paraqrafında bədii ədəbiyyatın
mahiyyəti açılır, mədəniyyətin
mühüm bir sahəsi olduğu göstərilir,
ədəbi- bədii əsərlər
məzmununa , oxucu təyinatına və
marağına (kütləvi oxucu marağı,
yüksək oxucu marağı, peşəkar
marağı, tədqiqatçı
marağı) görə müxtəlif
tiplərə bölünür, əsərin
müəllif redaksiyası anlayışı
açıqlanır, redaktorun əsər
üzərində işi (mətnə
yanaşma, onun qiymətləndirilməsinin
xüsusiyyətləri, analitik təhlil
və onun metodikası), redaktorun müəlliflə
əlaqəli yaradıcılıq
işi, redaktorun təşkilatçılıq
işi kimi mühüm nəşriyyat
problemləri elmi cəhətdən
təhlil olunur.
I hissənin növbəti paraqrafı
ədəbi- bədii əsərin
təhlili, dəyərləndirilməsi
qiymətləndirilməsi və
onun əhəmiyyətinin müəyyənləşdirilməsi,
oxucu üçün nə dərəcədə
gərəkli olduğunu üzə
çıxamaq kimi maraqlı məsələlərə
həsr olunmuşdur. Redaktor üçün
vacib olan elmi biliklər və təcrübi
keyfiyyətlər, redaktorun ədəbi-
bədii əsərin analizi və dəyərləndirilməsinə
yanaşma metodu maraqlı faktlara söykənərək
izah olunur. Məsələn, incəsənətin
əsasını təşkil edən,
əsərin ümumi ideyasının
ifadəçisi olan bədii obrazın
bütün keyfiyyətini bilmədən
redaktor qiymət vermək istədiyi əsərə
gerçəkdən yanaşa bilməz.Halbuki
bədii obrazın mahiyyətini, təbiətini
təşkil edən ümumi xüsusiyyətlər
redaktor analizinin kriterilərinin, metodikaların,
priyomların spesifikliyini əhəmiyyətli
dərəcədə şərtləndirir,
başqa sözlə desək, redaktorun
mətn üzərində işinin
əsas xüsusiyyətlərini şərtləndirir
(s. 19).
Məlumdur ki, bədii əsər
üzərində redaktə işi
kor-koranə şəkildə aparılmır,
bu mühüm işin müəyyən
qayda-qanunlarla təsbitlənən mərəhələləri
mövcuddur.Bu mərhələlərdə
bədii mətnin dəyərləndirmə
meyarları üzə çıxır.Dərslik
müəllifi ilkin mərhələdən
(əlyazmanın dəyərləndirilməsi
mərhələsi-İ.K) başlamış
sonuncu mərhələyə qədər
olan redaktə işinin çətinlik
və mürəkkəbliyini, spesifikliyini,
əhəmiyyətli cəhətlərini
saf - çürük edir, bu da həmin
sənəti öyrənən tələbələrə,
fikrimizcə, çox şey öyrədir.
Redaktor- müəllif münasibətinin
subyektiv və obyektivliyindən asılı
olmayaraq, redaktə edən mütəxəssis,
bir tərəfdən müəllifi
dərindən «hiss» etməyi
bacarmağa, əlyazmasında bədiilik
fenomenini görməyə borcludur, digər
tərəfdən öz təcrübəsinə
əsaslanaraq əsərin gələcək
oxucuya göstərəciyi təsiri qabaqcadan
görməlidir. Bu cür qavramanın
tamlığı redaktorun biliyindən,
bədii zövqündən, ümumi mədəniyyətindən
və təcrübəsindən çox
asılıdır (s.20). Çıxarılan
bu cür nəticə çox düzgündür,
düşündürücüdür.
İ.Vəli redaktorun tənqidçilik
fəaliyyətini, tənqidi təfəkkür
prosesini ənənəvi bölgülərə
əsaslanaraq 4 mərhələyə
ayırır: bədii əsərin
qavranılması mərhələsi
(1), əsərin oxunuşu ilə bağlı
mərhələ (2), redaktorun əsər
haqqında müşahidə və
mülahizələrinin ümumiləşdirilməsi
mərhələsi (3), əsər
üzərində redaktorun yekun fikrini rəsmiləşdirilməsi
mərhələsi (4). Dərslikdə
bu mərhələlərin hər
birinin bütöv izahı verilir, redaktə
işinin ardıcıllığı
göstərilir.
Redaktor tərəfindən
bədii əsərin təhlili müəyyən
prinsiplərə əsaslanır. Araşdırıcının
nöqteyi-nəzərincə, redaktor
təhlilinin ən əsas cəhətlərindən
biri əsəri ədəbi prosesə
görə təhil etməkdir. Redaktor
əsərə qiymət verərkən
ədəbi prosesdəki məsuliyyətini
dərk etməlidir. Bununla yanaşı,
dərslik müəllifi ədəbi-
bədii prosesdə istifadə olunan digər
təhlil prinsipləri (tematikaya görə
təhlil prinsipi; janr xüsusiyyətlərinə
görə təhlil prinsipi; dil - üslub
xüsusiyyətlərinə görə
təhlil prinsipi) üzərində də
müfəssəl dayanır, onların
bir sıra məsələlərin
müəyyənləşməsindəki
rolu, dəyərləndirmədə
hansının üstün mövqe tutduğu
qeyd olunur, əsərin bədii, fərdi
özünəməxsusluğunun müəyyən
olunmasında əhəmiyyəti göstərilir.
Redaktor təhlilinin özünəməxsus
tələbləri var. Bu əsas tələbləri
müəllif aşağıdakı
kimi müəyyənləşdirir:
1. Müasir estetik tələblər;
2. Ədəbiyyatşünaslıq
tənqidinin tələbləri. 3. Müasir
dilçiliyin tələbləri (s.26).
Bunlar redaktor dəyərləndirməsinin
istiqamətləridir.
Dərslikdə redaktorun qarşısında
duran vəzifələr hər bir mövzunun
izahı prosesində göstərilir.
Məsələn, əsərin məzmun
və formasının vəhdətindən
danışan müəllif yazır
ki, redaktorun ən vacib vəzifəsi
ondadır ki, ideya-bədii cəhətdən
az qiymətli əsərlər işıq
üzü görməsin. Və yaxud, bədii
həqiqət ölçülərindən
bəhs olunanda redaktor öz vəzifəsini
bu və ya digər faktların, təsvirlərin
dəqiqliyinin, həqiqətə uyğunluğunun
yoxlanması ilə məhdudlaşdırmır.
O, müəllifin təsvir etdiyi hadisələri
öz estetik təsir gücü ilə
inandıran obrazlara diqqət yetirir, hadisənin
obrazda ümumiləşdirilən xüsusiyyətlərini
dəqiqləşdirməyə çalışır
(s.28).
Yazıçının fərdi
yaradıcılıq üslubuna diqqət
yetirmək redaktə işində mühüm
yer tutur. Bu baxımdan redaktorun üzərinə
düşən əsas vəzifələrdən
biri müəllifi anlamaq, onun istedadını,
özünəməxsusluğunu müəyyənləşdirmək,
əsərə yaradıcı şəkildə
yanaşmaqdan ibarətdir.İ.Vəli,
demək olar ki, redaktor təhlilinin bütün
qiymətləndirmə məqamlarını
(personajları qiymətləndirmək,
obrazın bütövlüyünü qorumaqla
qiymətləndirmək, müəllif
ideyasını qiymətləndirmək,
mövzu və hadisənin xarakterikliyini,
tipikliyini dəyərləndirmək,
yazıçının fakt seçmə
bacarığını, faktların
dəqiqliyini qiymətləndirmək,
lirik qəhrəmanı dəyərləndirmək),
əsərin dəyərləndirilməsinin
vacib ölçülərini (bədii
dəqiqlik, həyati təsvirlərin,
obraz təsvirinin dəqiqliyi, təhkiyədə
dəqiqlik, daxili- hissi düşüncələrin
təqdimində dəqiqlik) müəyyənləşdirmişdir.
İ.Vəlinin fikrinə görə,
redaktorun iş metodikası bədii mətnin
poetik qavranışını və
onun elmi tədqiqini özündə cəmləşdirməkdir.
Mətn üzərində redaktor işi
iki mərhələdə həyata
keçirilir. Bu mərhələlərdə
mətnin dəyərləndirilməsi
s u b y e k t i v- ilkin təəssürat
əsasında, o b y e k t i v- mətni
əsaslı, elmi təhlillə mümkün
olur. Sonuncu dəyərləndirmə
çox vacibdir. «Mətnin qavranılmasının
əsasında ədəbiyyatşünaslığın
xüsusi kateqoriya və anlayışlarda
təsbit etdiyi obyektiv qanunauyğunluqlar
durur. Bu qanunauyğunluqlar redaktora peşəkar
elmi mülahizələrlə əsaslandırılmış
fikir söyləməyə əsas
verir, yəni mətnin araşdırılması
metodikasının səviyyəsini,
redaktorun analitik təhlil ustalığını
şərtləndirir» (s.64). Bu baxımdan
tələbələr ədəbiyyatşünaslığı
dərindən bilməli, onun nəzəri
aspektlərini qavramalı, ədəbiyyatşünaslığın
təcrübəsinə əsaslanmalı,
onların tənqid və təhlillərindən
istifadə etməli, peşəkarlıq
qabiliyyətini artırmalıdırlar.
Bundan sonra öz üzərlərinə
düşən vəzifələri
- konkret işin strukturunun özünəməxsusluğunu
hiss etməli və obrazların, vəziyyətlərin
həllinin yazıçının
ideyasına, yaradıcılıq üslubuna,
əsərin ümumi quruluşuna uyğun-gəlib-
gəlmədiyini göstərməlidir.
İ.Vəlinin redaktorun bədii
əsərin bütün komponentləri
(əsərin süjeti və kompozisiyası,
bədii detalı və s.) üzrə
redaktə işinin, təhlilinin ümumi
məzmunu, qiymətləndirmənin
vacib aspektləri, əsərin növ
və janr xüsusiyyətləri və
s. haqqındakı fikirləri də
düzgün və inandırıcıdır.
Ümumiyyətlə, redaktor təhlil,
qiymətləndirmə zamanı nə
etməlidir, nəyi aşkarlamağı,
müəyyənləşdirməyi
bacarmalıdır? sualına bu əsərdə
ətraflı və geniş, dolğun
cavablar tapmaq mümkündür. Bu cəhətdən
dərsliyin dəyəri əvəzsizdir.
Dərslikdə epik, bədii- publisistik,
dramatik və lirik əsərlərin
(təmsil, hekayə,oçerk, roman və
s.) redaktəsi, həmin növ əsərlərə
verilən tələblərin nədən
ibarət olduğu, redaktə zamanı
hansı cəhətlərə redaktorun
üstünlük verməsi (mövzunun
aktuallığının müəyyənləşdirilməsi,
müəllifə edəcəyi təkliflər,
hansı məqamlara xüsusi diqqət
yetirməsi, nəzərə alması),
təhlilin aspektləri və s. kimi mühüm
məsələlər təhlil edilmiş,
müəyyən tövsiyyələr
verilmişdir.
Əsərdə redaktor - müəllif
münasibətləri, müəlliflərlə
işin təşkili və onun xüsusiyyətləri,
redaktorun təşkilatçılıq
işinin xüsusiyyətləri, redaksiya
işçilərinin apardığı
yaradıcılıq axtarışının
istiqamət və formaları, redaktor
təklifi və təşəbbüsü,
müəllif fəallarının yaradılması,
mətnşünaslıq və redaktorun
işində onun yeri, nəşrlərin
janr və tipləri kimi məsələlər
də yığcam, dolğun və
elmi şəkildə işıqlandırılmış,
həlli vacib olan cəhətlər
üzə çıxarılmışdır.
Dərsliyin «Uşaq kitablarının
redaktəsi» hissəsi də məzmun
yeniliyi ilə seçilir; belə əsərlərin
redaktəsi daha ciddi məsuliyyət tələb
edir. İlk öncə, dərslik müəllifi
uşaq ədəbiyyatının
spesifik xüsusiyyətlərindən,
həmçinin özünəməxsus
mövzu, ideya, dil- üslub xüsusiyyətlərindən,
onun əxlaqi-pedaqoji- tərbiyəvi yön
və vəzifələrindən,
bədii mətnin uşaqlar tərəfindən
qavranılmasının özünəməxsusluğundan,
bunların redaktor üçün vacib şərt
sayıldığından bəhs
etmişdir. Dərslikdə folklor yaradıcılığından
başlayaraq ayrı-ayrı dövrlərin
qısa icmalı, uşaq ədəbiyyatının
əsas xüsusiyyətləri, tərbiyəedici
və təhsilvericilik xüsusiyyətləri,
uşaq kitablarının tip və yarımtipləri
(siyasi- tərbiyəvi, əyləncəli,
bədii kitablar), uşaq kitablarının
təsnifatı, uşaq ədəbiyyatının
janr və formaları, uşaq əsərlərinin
redaktəsi və qiymətləndirilməsi
zamanı vacib sayılan, nəzərə
alınan faktorlar, uşaq ədəbiyyatına
dair olan nəşrlərin tarixi və
müasir vəziyyəti, uşaq dramaturgiyası,
redaktəsi və nəşri məsələləri
və nəhayət müasir uşaq
ədəbiyyatının bir sıra
problemləri qısa şəkildə
şərh olunmuşdur.
Dərslik Azərbaycan dilində
ilk təşəbbüs (sınaq nəşri)
olduğundan bəzi qüsurlardan da xali
deyildir. Bəzən ehtiyac olmadan bədii
ədəbiyyatın, ədəbiyyatşünaslığın
nəzərəri məsələlərinə
ifrat dərəcədə aludəçilik,
nəşriyyat, redaktə işi ilə
bağlı çoxcəhətli problemlərin
yığcam təhlilinə gətirib
çıxarmışdır. Dərsliyin
gələcək nəşrlərində
bu cəhət, yəqin ki, müəllif
tərəfindən nəzərə
alınacaqdır.
Beləliklə, təhlilə
cəlb etdiyimiz, məziyyətlərindən
danışdığımız
dərslikdən - «Ədəbi-bədii
və uşaq kitablarının redaktəsi»
kitabından da nəşriyyat işçiləri,
redaktorlar, jurnalistlər, dil-ədəbiyyat
müəllimləri, tələbələr
öz elmi və təcrübi biliklərini
artıra biləcək, səriştəli
və peşəkar mütəxəssis
kimi yetişəcəklər.
İsmayıl KAZIMOV, filologiya
elmləri namizədi, AMEA- Nəsimi adına
Dilçilik İnstitutunun baş elmi işçisi.